“Ting” nəşriyyatı uşaqların təlim-tərbiyəsi, ədəb qaydaları barədə daha bir kitabı oxuculara təqdim edib.
Yazıçı Çinarə Köçərlinin müəllifi olduğu kitabda balaca qəhrəman Aytəmizin nəql etdiyi müxtəlif ibrətamiz əhvalatlar böyüyə hörmət və ehtiramdan sağlamlıq və etik davranış qaydalarınadək bir sıra vacib xüsusları əhatə edir. Aytəmizin həmyaşıdları bu hekayələri oxuduqca həm də maariflənmiş olacaqlar. Çünki burada uşaqlar üçün qidalanma, sağlamlıq, ruhi və fiziki gümrahlıq, eləcə də intellektual səviyyənin artması üçün bir çox faydalı bilgilər yer alıb.
Onu da qeyd edək ki, hər hekayə ayrılıqda “Qurani-Kərim”dən motivlərlə əlaqələndirilməklə uşaqlarda həm də İslam dini haqqında təsəvvürün formalaşdırılmasına zəmin yaradır.
Kitabın qəhrəmanı Aytəmiz öz dostlarına nələrisə öyrətməyə, bir növ öz başına gələn əhvalatlardan çıxış edərək yol göstərməyə çalışır. Çalışqan, səbirli və mehriban qız özü də tez böyüyüb yaxşı təhsil almaq, cəmiyyətə faydalı olmaq istəyir. Təbiəti, heyvanları qorumaq və sevmək də onun təbliğ etdiyi keyfiyyətlərdəndir.
İllüstrativ nəşrdə uşaqlar öyrənməklə yanaşı, əylənmək və Aytəmizin başına gələn komik hadisələrdən özləri üçün nəticə çıxarmaq imkanı da qazanacaqlar.