Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bunu Fransa Prezidenti Emmanuel Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

O qeyd edib ki, Laçın yolundan və sərhəd-buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycanın erməni sakinlərə yüklərin daşınması üçün Ağdam-Xankəndi və digər alternativ yollar ayırdığı, buna baxmayaraq, həmin yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edənlər tərəfindən siyasiləşdirilməsi Fransaya yaxşı məlumdur.

“Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir”, – deyə Azərbaycan XİN-in rəsmisi vurğulayıb.

Azərbaycan XİN Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın son açıqlamalarına da münasibət bildirib. Mətbuat katibi Ayxan Hacızadə qeyd edib ki, Katrin Kalonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən bu kimi açıqlamaları qəbuledilməzdir.

XİN rəsmisi vurğulayıb ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və kütləvi qırğınların həyata keçirilməsinə, şəhər və kəndlərin viran qoyulmasına, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın hərbi-siyasi təxribatları davam etdirərək Azərbaycan ərazilərindən silahlı qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir.