Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?
Tanınmış şair, publisist Şahmar Əkbərzadə (1941-2000) bu misraları Vətən torpaqlarının düşmən əsirliyində inildədiyi, əsl sahiblərini intizarla gözlədiyi zaman qələmə almışdı. Onun poeziya nümunələri milli birliyə, tarixi yaddaşa sayğıya və insansevərliyə çağırışdır...
Avqustun 30-u Şahmar Əkbərzadənin dünyadan köçdüyü gündür. Ağdam rayonunun Çəmənli kəndində anadan olan Şahmar Əkbərzadə 1960-cı ildə Şuşa Pedaqoji Texnikumunu bitirib. Sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsində təhsil alıb. Bir müddət doğulduğu kənddə pedaqoji fəaliyyət göstərib. 1968-ci ildən taleyini mətbuat sahəsinə bağlayıb. “Azərbaycan gəncləri” və “Kommunist” qəzetlərində çalışıb. 1991-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin yaradıcısı və ömrünün sonunadək baş redaktoru olub.
Gənc yaşlarından şeirləri və publisistik yazıları dövri mətbuatda mütəmadi dərc olunub. “Anama layla” (1978), “Sevgi borc verilməz” (1982), “Ona yanıram ki” (1988), “Haqqa pəncərə” (1998), “Sev məni” (2000) kitabları maraqla qarşılanıb.
Vətənsevər şair 2000-ci ilin 30 avqustunda, 59 yaşında dünyasını dəyişib. 2001-ci ildə adına beynəlxalq ədəbiyyat mükafatı təsis olunub. 2018-ci ildə “Xarıbülbül nəğmələri” kitabı işıq üzü görüb.
İşğal altındakı yurdlarımızı azad görmək nisgili ilə dünyadan köçən şairin artıq ruhu şaddır. Şanlı Ordumuz Qarabağdakı cığırları əbədi zəfər yollarına çevirib...