Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Türküstan vilayətinin Otrar bölgəsində “Böyük İpək Yolu üzərində toxuculuq və zərgərlik” mövzusunda beynəlxalq sərgi təşkil edilib.
Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türkmənistandan el sənətkarları iştirak ediblər.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan nümayəndəsi, layihə rəhbəri Talgat Muxanov, Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi Mədəniyyət Komitəsinin sədri Kumis Seyitova, Otrar bölgəsinin valisi Saken Sultanxanov, Mərkəzi Asiya və Sakit Okean Ölkələri Sənətkarlar Şurasının vitse-prezidenti, Qazaxıstan Sənətkarlar İttifaqının sədri Ayjan Bekkulova çıxış ediblər.
Sərgi türk xalqlarının mədəni-mənəvi irsini təbliğ etmək, nəsillərə ötürmək, türk birliyini və əməkdaşlığını gücləndirmək məqsədilə keçirilib.