Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları ailələrinə kömək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilmiş, Vətən Müharibəsi şəhidləri Nazir və Tacir Allahverdiyev qardaşlarına həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimatı olub.

Şəhid ailələrinin, qazilərin, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı Vaqif Həsənov çıxış edərək, Nazir və Tacir Allahverdiyev qardaşlarının keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib.

Qəhrəman şəhidlərin anası Mailə Allahverdiyeva çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Sonra film nümayiş olunub.

Qeyd edək ki, 2001-ci il aprelin 20-də Ağdamın Çullu kəndində doğulan əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıblar. Onlar Vətən müharibəsində cəbhənin Füzuli və Xocavənd istiqamətində çiyin-çiyinə vuruşaraq 2020-ci il oktyabrın 24-də eyni gündə şəhidlik zirvəsinə ucalıblar. Şəhid qardaşlar ölümlərindən sonra Prezident İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.