Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) elmi işlər üzrə direktor müavini İvan Aleksandroviç Yaşkov Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub.

Muzeyin elmi işlər üzrə direktor müavini t.e.d., dosent Fərhad Cabbarov və İ.Yaşkov hər iki muzeyin gələcək birgə layihələri barədə söhbət aparıblar.

İ.Yaşkov Geologiya, Neft və Qaz Muzeyinin “Qaz atlası” adlı yeni nəşrini muzeyə hədiyyə edib. Atlas Rusiya, Azərbaycan və digər MDB ölkələri, həmçinin Avropa muzeylərinin materialları əsasında hazırlanıb. Nəşrdə F.Cabbarovun müəllifi olduğu, Azərbaycanda qaz sənayesinin tarixi haqqında oçerk də yer alıb.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi ilə Geologiya, Neft və Qaz Muzeyi XIX-XX əsrlərdə neft hasilatı tarixinə həsr olunmuş “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” və “Azərbaycanlı Prometey – Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı sərgilərin təşkilində əməkdaşlıq edib. Sərgilər hər iki ölkənin geniş ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.