Biz diplomatik korpusun nümayəndələri ilə avqustun 15-də Ağdam-Xankəndi yolunun texniki imkanları və çatdırılma qabiliyyəti ilə yerində tanış olmuşduq. Hələ o zaman diplomatik korpusun nümayəndələri bir daha şahid oldular ki, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və bu yol daha səmərəlidir. Bu yol düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanlarına malikdir. Təəssüflər olsun ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı, bu günə qədər də dəstəkləməyə davam etdiyi qondarma kriminal rejim tərəfindən yenə də məqsədyönlü şəkildə siyasi manipulyasiyalar, siyasi möhtəkirlik məqsədilə bu yolun açılmasına imkan verilmir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycan tərəfindən dəfələrlə bəyan edilmişdir ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir və bu yol ilə istənilən yüklərin Xankəndinə və ətraf ərazilərə çox qısa müddət ərzində çatdırılması təmin oluna bilər. Bu yoldan bu şəkildə imtina edilməsini biz yalnız rasizm və diskriminasiya kimi qiymətləndirə bilərik. Yoldan bu formada imtina yalnız və yalnız rasizmdir. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını və təhlükəsizliyini, eyni zamanda, onların öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, onlar yol mövzusunu məqsədyönlü şəkildə siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Ermənistan tərəfindən də məqsədyönlü şəkildə bu siyasətə dəstək verilir”, - deyə H.Hacıyev əlavə edib.