Türk Dünyası Mədəniyyət, İncəsənət və Kino Fondunun layihəsi olan və “Fikirdə birlik” şüarı ilə keçirilən Türk Dünyası Sənədli Film Festivalı bu il səkkizinci dəfə təşkil olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Türk Dünyası Bələdiyyələr Birliyinin də dəstək verdiyi festivala filmlərin qəbulu 30 avqustda yekunlaşıb.

Türk dünyası ölkələrindən tanınmış kino xadimlərinin yer aldığı münsiflər heyəti ekran işlərini qiymətləndirəcək. Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç də VIII Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin üzvü seçilib.  

15 noyabrda başa çatacaq festival Türkiyədə 6 fevralda baş verən zəlzələnin  mərkəzi olmuş Qəhrəmanmaraşın zəlzələ qurbanlarına ithaf edilib.

Builki festival Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, eləcə də Macarıstan və Makedoniya olmaqla doqquz ölkəni, həmçinin türk toplumlarının olduğu 11 bölgəni (o cümlədən Rusiya Federasiyasının türk toplumlu respublikaları) əhatə edir.

Türk dünyası mədəniyyəti və tarixinin araşdırılması və onun sənədli kino nümunələri vasitəsilə daha geniş auditoriyaya çatdırılması, bu istiqamətdə fəaliyyət göstərənlərin sıx ünsiyyətinə nail olunması məqsədi daşıyan festivalın builki sloqanı “Türk dünyası və türkün dünyaya baxış bucağı”dır.

Münsiflərin rəyi ilə mükafatlandırma siyahısına daxil ediləcək filmlər “Biz böyük bir ailəyik” şüarı altında doqquz ölkə və doqquz şəhərdə göstəriləcək.