Azərbaycan Dili və Ədəbiyyatı Forumu Şamaxıda işini panel iclaslarla davam etdirdi


Sentyabrın 1-də Şamaxıda işə başlayan Azərbaycan Dili və Ədəbiyyatı Forumu açılış mərasimindən sonra öz işini panel iclaslarla davam etdirdi.

Paneldən əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək dövlətimiz tərəfindən ana dilimizin qorunması və inkişafı istiqamətində göstərdiyi xidmətlərdən söz açdı. Qeyd etdi ki, milli sərvətimiz olan ana dilimizi qorumalı, daim qayğı ilə əhatə etməliyik.

"Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri" adlı I panel Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluğu ilə gerçəkləşdi. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunluğu və dilin inkişaf etdirilməsi mexanizmləri", "Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası", "Azərbaycan ədəbiyyatı Azərbaycan dilinin qoruyucusu kimi: dünən, bu gün, sabah", "Müasir ədəbi mətnlərin nitq mədəniyyətinə təsiri imkanları", "Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi", "Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması" və "İnternet məkanında Azərbaycan dilinin funksionallığı" mövzularında çıxışlar dinlənildi.

Xalq yazıçısı, akademik Kamal Abdulla bildirdi ki, Azərbaycan dilinin təsir dairəsini daha da genişləndirmək üçün mexanizm işlənib hazırlanmalıdır: "Azərbaycan mədəniyyətinə, dövlətinə, siyasətinə olan maraq dilimizə olan marağa gətirib çıxarır. Prezident İlham Əliyev Azərbaycanı dünyada daha da tanıtdırmaq üçün böyük işlər görür. Bizlər də dilimizi xarici ölkələrdə təbliğ etmək üçün əlimizdən gələni etməliyik. Bunun üçün də belə forumların təşkilinə böyük ehtiyac var".

Millət vəkili, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Azərbaycan dilinin genetikası haqqında fikirlərini bölüşdü: "Bildiyimiz kimi, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Buna baxmayaraq, dilimizin lüğət tərkibinə nəzər yetirsək görərik ki, türkdilli sözlərin sayı çox azdır. Dilimizə keçən sözlərin çoxu isə ərəb, fars və Qərb dillərindən gəlib".

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli söylədi ki, dil xalqın ruhudur: "Azərbaycan dili öz fiziki varlığını bu günə kimi qoruyub saxlayıb və başqa dillərlə inteqrasiya edir. İctimai təfəkkürdə inteqrasiya funksional üslubların bir-birinə yaxınlaşmasına təsir göstərir. Biz inteqrasiya zamanı dilimizə keçən sözlərin elmi əsasını tapmalıyıq".

Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri filologiya elmləri doktoru Sayalı Sadıqova cəmiyyətimiz üçün çox aktual bir məsələnin müzakirə olunduğunu diqqətə çatdırdı: "Dil xalqın mənəviyyatıdır, onu yaşadan əsas amildir. Dil elə bir məfhumdur ki, dövrün, zamanın tələblərinə uyğun olaraq yeni anlayışları ifadə edən sözlər yaradılmalıdır. Bəs, görəsən, söz yaradıcılığı prosesi necə gedir? Azərbaycan dili hansı sözlərlə zənginləşir? Bu istiqamətləri müəyyənləşdirmək çox vacib məsələlərdən biridir. Dilin qorunması, saflığının təmin edilməsi üçün onun daxili imkanlarından istifadə edilməlidir".

AYB-nin katibi, şair Səlim Babullaoğlu dedi ki, bu gün dünyada 7000-ə yaxın dil var. Həmin dillərin 80 faizinə yaxınının 2500 insandan artıq daşıyıcısı yoxdur. Hesablamalara görə, XXI əsrin sonlarına qədər həmin dillərdən 4000-i sıradan çıxacaq. “Ancaq məndə şübhə yoxdur ki, Azərbaycan dili bu siyahıda olmayacaq. Əksinə, əminəm ki, dilimiz günü-gündən daha da inkişaf edəcək", – deyə o bildirdi.

Şair Aqşin Yenisey söylədi ki, Azərbaycan dili bu gün elmi, fəlsəfi və texnoloji məsuliyyət daşımır. Hazırda Azərbaycan dilinin uğurla daşıdığı yeganə məsuliyyət ədəbi məsuliyyətdir: “Dilimizin ədəbiyyat ərazisində problemi yoxdur. Onun elmi, fəlsəfi və intellektual ərazidə problemi var. Bu problemləri aradan qaldırmağın yolu xarici ölkələrin elmi-kütləvi ədəbiyyatını dilimizə tərcümə etməkdən keçir".

Panelin sonunda müzakirəyə çıxarılan mövzular üzrə sual-cavab oldu.