Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 2-də işini Bakıda, "Gülüstan" Sarayında daha iki panel iclası ilə davam etdirdi.

Günün ikinci yarısında forumun sayca IV panel iclası "Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti" mövzusuna həsr olunmuşdu. Paneldə yazar və mütəxəssislərin, uşaq ədəbiyyatı üzrə tanınmış imza sahiblərinin fikir və təklifləri dinlənildi.

Öncə moderator uşaq yazıçısı Günel Əsgərova müzakirəyə təklif olunan tematik istiqamətləri diqqətə çatdırdı və sözü panel iştirakçılarına verdi.

"Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri" mövzusu ətrafında danışan Elm və Təhsil Nazirliyi Təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova azyaşlıların mütaliəyə cəlb edilməsi, bu sahədə təbliğatın genişləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşdü. Bildirdi ki, uşaqların tərbiyə və təhsilində sistemli və keyfiyyətli vəsaitlərlə təminat mühüm önəm daşıyır. Bu mənada dərsdənkənar mütaliə, eləcə də uşaq ədəbiyyatı nümayəndələrinin yeni əsərlərinin geniş auditoriyaya təqdimatı məsələsinə toxunuldu.

Uşaq yazıçısı, filologiya elmləri doktoru Zahid Xəlil "Uşaqlarda mütaliə mədəniyyətinin formalaşması üçün hansı maarifçi islahatlara ehtiyac var?" sualı ətrafında danışdı. O, uşaq ədəbiyyatının çağdaş problemlərinə toxunaraq nəşr və digər vəsaitlərinin ərsəyə gəlməsinə müəyyən nəzarətin zəruriliyini vurğuladı.

"Təhsildə ana dili və uşaq ədəbiyyatının rolu" ətrafında söz açan Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə dil və ədəbiyyat dərsliklərindəki qüsurlardan bəhs etdi.

Yazıçı, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu da uşaq ədəbiyyatının problemlərinə toxundu, bu məsələyə ideoloji silah kimi baxılmalı olduğunu dedi. Xüsusən şifahi xalq ədəbiyyatı nümunələrinin daha çox təbliğatının zəruriliyini vurğuladı.

Uşaq yazarı Reyhan Yusifqızı "Uşaq ədəbiyyatına xüsusi dövlət qayğısının mexanizmləri: oxucu-naşir-muəllif qayğısının vəhdəti gözlənilən nəticəni verirmi?" sualına öz baxış bucağından cavab verdi. O, sürətli informasiya mübadiləsi dövründə uşaqların tələbatının da geniş olduğunu və bu mənada elmi-fantastik janrlı əsərlərə daha çox maraq göstərildiyini dedi. Bildirdi ki, bu sahədə sosial sifariş öyrənilməlidir.

Filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova "Mədəni və ədəbi qaynaqların müəyyənləşdirilməsində uşaq ədəbiyyatı nə dərəcədə rola malikdir?" sualı ətrafında danışdı, təkliflərini irəli sürdü. O, dərsliklərdəki ədəbi materialların uşaqların zövq və oxucu marağına yetəri qədər cavab vermədiyini qeyd etdi, mətn seçimində sistemsizliyin də uşaqların ədəbiyyata marağının azalmasına səbəb olduğunu dedi.

Uşaq yazarı Sevinc Nuruqızı çıxışında uşaq və yeniyetmələr arasında kitabın təbliği və əsərlərin mövzu müxtəlifliyi məsələlərinə toxundu.

Panel mövzular ətrafında müzakirələr və sual-cavablarla davam etdi.

Qeyd edək ki, sentyabrın 3-də "Gülüstan" Sarayında Azərbaycan Dili və Ədəbiyyatı Forumunun daha bir panel toplantısı keçiriləcək. Həmin gün forum işini başa vuracaq.

Həmidə