Azərbaycan həftəsi çərçivəsində Tirananın Milli Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi açılıb. Sərgi Ümummilli Lider Heydər Əliyevin həyat və irsini, Azərbaycan mədəniyyətini tərəqqiyə doğru aparan yolu ifadə edir.

Tiranın Milli Tarix Muzeyində “Tərəqqinin memarı” adlı sərgi, eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlar Maral Rəhmanzadə, Tofiq Cavadov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev və Hüseyn Əliyevin əsərləri, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından Kamil Əliyevin müəllifi olduğu xalçalar və digər arxiv fotoşəkillər nümayiş olunur.

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərginin açılışında qonaqları salamlayaraq qeyd edib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələr uğurla inkişaf edir və Albaniyada Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi qarşılıqlı mədəni münasibətlərin əlamətdar hadisədir.

Fərid Cəfərov vurğulayıb ki, 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan olunub və Ulu Öndərin 100 illiyi ilə bağlı keçirilən müxtəlif yerli və beynəlxalq təbdirlər onun zəngin irsinin öyrənilməsi, tədqiqi və tanıdılmasına xidmət edir.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi sentyabrın 2-dək davam edəcək.

Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.