Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov yeni mövsümün açılışı ilə əlaqədar kollektivlə toplantı keçirib.

Yusif Eyvazov ilk olaraq teatra yeni təyin olunmuş baş baletmeyster Ruslan Pronini balet truppasına təqdim edib.

Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, pedaqoq Ruslan Mixayloviç Pronin 1988-2008-ci illərdə Moskvada Böyük Teatrın solisti olub. O, həmçinin dünyaca məşhur xoreoqraf, SSRİ Xalq artisti Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını müxtəlif ölkələrin teatr səhnələrində həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin 18-19 sentyabr tarixlərində Heydər Əliyev Sarayında nəzərdə tutulan premyerasıdır.

Sonra Yusif Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, gözlənilən maraqlı layihələr, premyeralar haqqında məlumat verib. Bildirib ki, hazırda xarici teatrlarla müqavilələr də bağlanır. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Milli mədəniyyətimizi ölkə hüdudlarından kənarda təmsil etmək balet truppasının artistləri və solistlərimiz üçün böyük bir stimuldur. Teatrda uzun illər ərzində səmərəli fəaliyyət göstərən, yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşların fəxri adlara təqdim olunması məsələsinə də çox ciddi yanaşılacaq.

Yusif Eyvazov qeyd edib ki, milli və unudulmuş operalarımızın bərpası da qarşıda dayanan məsələlərdən biridir. Həmin operaları dünyanın ən tanınmış səhnələrində nümayiş etdirməliyik. Məsələn, İtaliyanın Arena di Verona Teatrında milli opera sənətimizin incisi olan "Koroğlu" operasını göstərə bilərik.

Direktor bildirib ki, Opera və Balet Teatrının binasının təmirə bağlanması kollektivin iş fəaliyyətinə təsir etməyib. Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Sarayında, eləcə də BMA-nın Opera studiyasında həm balet, həm də opera tamaşalarını nümayiş etdirmək üçün şərait yaradılıb.

Teatrın direktoru yeni mövsümdə bütün yaradıcı və texniki heyətə yaradıcılıq uğurları arzulayıb.