Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 3-də Bakıda, "Gülüstan" Sarayında işini davam etdirib, sonuncu panel müzakirəsi reallaşıb.

"Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları" adlı paneldən əvvəl Xalq şairi Ramiz Rövşən çıxış edərək ana dilimizin əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, övladlarımıza uşaq yaşlarından ana dilimizi sevdirmək lazımdır.

Sonra Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən paneldə "Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxışlar dinlənildi.

AYB-nin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev qeyd etdi ki, ölkəmizdə kitabların təbliği üçün müəyyən sistem yaradılmalıdır. Həmin sistem sayəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunan kitablar Kitabxana Kollektoru vasitəsilə kitabxanalara paylanılmalıdır.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirdi ki, ədəbi irsimizin toplanılması üçün Milli Kitabxana tərəfindən əhəmiyyətli işlər görülüb: "Bu gün deyilir ki, Azərbaycanda adambaşına düşən kitab aşağıdır. Ancaq mən deyə bilərəm ki, bu belə deyil. Gənclərimiz arasında kitab oxuyanlar çoxdur. Oxucuları kitaba yönəltmək üçün onlara düzgün şərait yaradılmalıdır".

Azərbaycan Nəşriyyatları Assosiasiyası İdarə heyətinin sədri Şəmil Sadiq qurumun fəaliyyətindən danışdı. Söylədi ki, assosiasiya kitabın təbliği üçün bir çox kitab sərgiləri təşkil edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı dedi ki, mərkəz tərəfindən kitabın təbliği istiqamətində xeyli yol qət edilib. Ədəbiyyat və dil sahəsində müəyyən layihələrə imza atılıb.

"Təhsil" nəşriyyatının direktoru Tural Axundov vurğuladı ki, elm və texnikanın, xüsusilə də informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bu dövrdə ənənəvi kitabı qoruyub gələcək nəsillərə ötürməliyik.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu forumun əhəmiyyətindən danışdı, tədbirin ədəbiyyat və dil sahəsində öz müsbət nəticəsini göstərəcəyinə ümidvar olduğunu bildirdi.

"AudioKitab"ın direktoru Əhliman Ərşadlı audiokitabların tarixi barədə məlumat verdi. Diqqətə çatdırdı ki, 2015-ci ildən fəaliyyət göstər qurum tərəfindən bu gündək 8 minə yaxın kitab səsləndirilib.

Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu öndərin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer almışdı.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxış edərək forumu yüksək qiymətləndirdi, layihənin hər il keçirilməsinin vacibliyini söylədi.

Panelin sonunda müzakirəyə çıxarılan mövzulara dair suallar cavablandırıldı, xatirə şəkli çəkdirildi.

Bununla da ölkəmizdə belə böyük formatda keçirilən ilk Azərbaycan Dili və Ədəbiyyatı Forumu başa çatdı.

 

Nurəddin Məmmədli