Yaponiyanın Ryukoku Universiteti Tarix kafedrasının mühazirəçisi, dosent Şinya Şionozaki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna ezam olunub.

Alim milli dramaturgiyamızın banisi, yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadənin (1812-1878) fəlsəfi görüşlərini tədqiq etmək məqsədilə ölkəmizə gəlib.

Qonağı institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qarşılayıb, qonağı M.F.Axundzadə yaradıcılığı ilə bağlı əlyazma materialları və əski çap kitabları, eyni zamanda ekspozisiya zalında nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri ilə tanış edib.

Əsas tədqiqat sahəsi M.F.Axundzadənin “Kəmalüdövlə məktubları” fəlsəfi traktatı olan yaponiyalı alim iki həftə ərzində bu elmi-tədqiqat müəssisəsində araşdırma aparacaq. İnstitutun şəxsi arxiv fondundan istifadə ilə bağlı tədqiqatçıya müvafiq şərait yaradılıb.