Sentyabrın 8-də YARAT İncəsənət Məkanının Rəngkarlıq Muzeyində "Rəssamın gözü ilə" layihəsi çərçivəsində Xalq rəssamı Ağa Mehdiyevin (1920-2003) yaradıcılığına həsr olunan tədbir keçiriləcək.
Tədbirdə sənətşünas, kolleksiyaçı, mentor, ekspert, "Contemporary Baku" şirkətinin təsisçisi və direktoru Qalib Qasımov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əzimova rəssamın yaradıcılıq yolundan danışacaq, xatirələrini bölüşəcəklər.
Ağa Mehdiyev yaradıcılığında peyzaj və portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da əsərlər yaradıb. Onun əsərlərində çox zaman sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilib.
1960-cı illərin əvvəllərində Türkiyə Cümhuriyyətinə yaradıcılıq səfərində olan rəssam qardaş ölkədə gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaradıb. Bu səfərdən sonra Bakıda rəssamın Türkiyəyə həsr edilmiş fərdi sərgisi təşkil olunub.
Hazırda fırça ustasının əsərləri bir çox ölkələrdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.