Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Səfər çərçivəsində Pekin şəhərində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Çinin mədəniyyət və turizm naziri  Hu Hıpin arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Söhbət zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin bugünkü inkişafının əsasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev də Çin ilə əlaqələrə xüsusi əhəmiyyət verir.

Qeyd olunub ki, müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yaxşı ənənələri formalaşıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması bunun təzahürüdür. Eyni zamanda teatr, kinematoqrafiya, muzey işi, kitabxana, mədəni irsin qorunması və bərpası, eləcə də dil və ədəbiyyat sahələri üzrə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Abidələrin bərpası, kitabxana işi və kinematoqrafiya sahələrində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, birgə film istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb. Yaradıcı sənayelər sahəsində əməkdaşlıq da diqqət mərkəzinə çəkilib.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası  dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayan Adil Kərimli bildirib ki, bu platforma çərçivəsində ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna Çin də həmişə diqqət göstərir. O, Çin tərəfini 2024-cü ildə Bakıda keçiriləcək növbəti forumda iştiraka dəvət edib. Çinli nazir dəvəti qəbul edərək təşəkkürünü bildirib.

Nazir Hu Hıpin gələn il Azərbaycanda Çin mədəniyyəti həftəsinin keçirilməsini təklif edib, bu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

***

Görüşdən sonra Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekin şəhərinin Çaoyan rayonundakı parkda ucaldılmış abidəsini ziyarət edib. Abidənin önünə əklil qoyulub.

Qeyd edək ki, 2012-ci ildə, Azərbaycan-Çin diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümündə ərsəyə gələn büstün müəllifi heykaltəraş-rəssam Yüen Sikundur. O, 2021-ci ildə Azərbaycanla Çin arasında mədəni əlaqələrin inkişafında  xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

***

Səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimlinin Pekində dünyaca məşhur çinli fotoqraf Luo Hon (Luo Hong) ilə görüşü keçirilib.

Görüşdə fotoqrafiya sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq barədə söhbət aparılıb.

Azərbaycan nümayəndə heyəti Luo Honun fotosərgisi ilə tanış olub.

***

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyası Muzeyi ilə də tanış olub.

147 min kvadratmetr sahəyə malik nəhəng muzey kompleksi Çinin ali rəhbər təşkilatının təxminən yüzillik tarixi (1921-ci ildə təsis edilib) ilə yanaşı, Çin Xalq Respublikasının qurulduğu 1949-cu ildən bu yana tarixini də geniş şəkildə əks etdirir.

Muzeydə ziyarətçilər bələdçilərin müşayiətindən savayı, müvafiq qurğularla müxtəlif dillərdə audiogidlər vasitəsilə də ətraflı məlumat ala bilirlər.

Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri davam edir.