Pedaqoqlar sənət qabiliyyətlərini də nümayiş etdirirlər

 

Xəbər verildiyi kimi, 5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsi başlanıb.

Nazirliyin tabeliyindəki məktəb və mərkəzlərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib. Test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər.

***

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsi paytaxtdakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində aparılır.

Proses barədə məlumat verən Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Hökümə Əliyeva bildirib ki, test imtahanlarından uğurla keçən müəllimlərimiz çoxdur: “Məqsəd ondan ibarətdir ki, gələcək milli kadrlarımız peşəkar səviyyəli, yüksək intellekt və dünyagörüşünə malik olsunlar, həmçinin beynəlxalq musiqi standartları səviyyəsində mütəxəssislər yetişsin. Keçirilən bu imtahanlar gələcəkdə peşəkar pedaqoqların aşkar olunmasına bir zəmin yaradır”.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, İncəsənət Gimnaziyasının müəllimi Nəriman Məmmədov da imtahanların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Bildirib ki, ilk mərhələ olan test imtahanından sonra Mədəniyyət Nazirliyinin işə qəbul üzrə müsabiqəsinin ikinci mərhələsi kimi qabiliyyət yoxlaması keçirilir. Musiqi sənəti ilə yanaşı, təsviri sənət üzrə də imtahan prosesləri aparılır. Test imtahanlarından yüksək nəticələr qazanan kadrlarımız var, biz onlara gələcəkdə uğurlar arzulayırıq”.

Qeyd edək ki, müsabiqənin müsahibə mərhələsinə sentyabrın 11-də yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.