31 avqust – 9 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura – ICOMOS-un (International Council on Monuments and Sites) 21-ci Baş Assambleyası keçirilir.

Üç ildən bir keçirilən bu yığıncaqda ICOMOS İdarə Heyətinin hesabatları dinlənilir və gələcək fəaliyyətlə bağlı müzakirələr aparılır. İlk dəfə olaraq ICOMOS Azərbaycan Milli Komitəsi təşkilatın Baş Assambleyasında təmsil olunur.

Təşkilatın 1500-dən çox üzvünü və rəsmi qonaqları bir araya gətirən tədbirdə “ICOMOS Azərbaycan”ın prezidenti Sədaqət Davudova və baş katib Şeyda Allahverdiyeva da iştirak edirlər.

Baş Assambleyanın toplantısında “Mədəni irs: davamlılıq-məsuliyyət-hüquqlar-əlaqələr” mövzusunda elmi simpozium da keçirilir. Assambleyada mədəni irsin qorunması və idarə lunması mövzularında mühazirələr, seminarlar da təşkil olunacaq. Toplantı iştirakçıları Avstraliyada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş məkanlarla da tanış olacaqlar.

ICOMOS maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaranmış ICOMOS Azərbaycan Milli Komitəsi ötən ildən aktiv fəaliyyətə başlayıb.