AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Nizami Gəncəvi almanaxı”nın dördüncü cildi nəşr edilib. Almanax müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Nizamişünaslıq şöbəsi əməkdaşlarının və digər alimlərin araşdırmalarının yer aldığı almanaxın bu cildi Ədəbiyyat İnstitutu Elmi şurasının 30 mart 2023-cü il tarixli qərarı ilə çap edilib.

Layihənin elmi rəhbəri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru müxbir üzv Nüşabə Araslı, məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları, dosentlər Zəhra Allahverdiyeva, Aygün Bağırlı və Yelena Teyerdir.

Dördüncü cild akademik İsa Həbibbəylinin “Nizami Gəncəvi ədəbi irsi: Heydər Əliyevdən – İlham Əliyevə” adlı yazısı ilə açılır. Nəşrdə 16 tədqiqatçının Nizaminin dövrü, həyatı və ədəbi irsinə yeni baxış əsasında yazılmış elmi məqalələri yer alıb.