Sentyabrın 8-də tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun (1923-2003) anadan olmasının 100 illiyi tamam oldu. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim olunub.

Virtual sərgidə fotolar, Rəsul Həmzətovun kitabları, həmçinin haqqında Azərbaycan və rus dillərində kitab və məqalələr yer alıb. Ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi, eyni zamanda ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/Resul_Hemzetov/index.htm linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, Rəsul Həmzətov 1923-cü il sentyabrın 8-də Dağıstanın Xunzax rayonunun Sada kəndində şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. İlk şeirini 11 yaşında yazıb. Orta məktəbi bitirdikdən sonra Pedaqoji məktəbdə oxuyub. 1943-cü ildə şeirlərindən ibarət “Sevgi məşəli və acı ədavət” kitabı çapdan çıxıb. 1945-1950-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1947-ci ildə isə onun rus dilində ilk şeirlər kitabı işıq üzü görüb.

R.Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, Lenin mükafatına layiq görülüb. Şair Dağıstanda böyüyüb başa çatsa da, Azərbaycana çox bağlı olub, tanınmış şair və yazıçılarımızla dostluq əlaqələri qurub. “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. kitabları maraqla qarşılanıb. Şeirlərinə populyar mahnılar bəstələnib.

R.Həmzətov 2003-cü il noyabrın 3-də Moskvada vəfat edib.