Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında səfərdə olub. Səfər zamanı nümayəndə heyəti Pekində Çin Milli Kitabxanası ilə də tanış olub.

Nümayəndə heyəti kitabxananın kitab fondu, nəşrlərin qorunması, oxuculara xidmət prosesi və burada fəaliyyət göstərən muzeylə tanış olub.

Direktor xanım Çen Yin kitabxananın fəaliyyəti haqqında məlumat verib.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Milli Kitabxanasında iki kitabxana arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədə əsasən, Azərbaycan Milli Kitabxanasında Çin daimi guşəsi yaradılıb. Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin yaradılması nəzərdə tutulur.

Çin Milli Kitabxanası dünyanın ən böyük və zəngin kitabxanalarından biridir. Əsası 1909-cu ildə qoyulan kitabxana 1916-cı ildən ölkənin bütün kitabxanalarını özündə birləşdirib. 1928-ci ildə “Milli Kitabxana” statusu alıb. Çoxfunksiyalı elm ocağı olan və üç binada yerləşən Milli Kitabxananın ümumi sahəsi 280 min kvadratmetrdir. Əsas binanın sahəsi 80,5 min kvadratmetrdir və burada eyni vaxtda 8 min oxucuya xidmət göstərmək mümkündür. Ümumilikdə isə Çin Milli Kitabxanasından bir gündə 12 min oxucu istifadə edə bilər. İllik oxucu kontingenti 5,2 milyon nəfərdir. 45 milyon nüsxəyə yaxın kitabın saxlanıldığı kitabxanada həm də dünyanın ən qədim kitab nümunələri yer alır. Burada çap şəklində olan ən qədim kitabın 1600 yaşı var. Ən qədim yazılı nümunə isə tısbağa çanağı və sümük üzərindəki qeydlərdir ki, onların tarixi 3 min il öncəyə gedib çıxır.

Müasir innovativ vasitələrin geniş tətbiq olunduğu kitabxanada 1300 terabayt həcmində elektron resurs saxlanılır.