Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda “Erasmus+” layihəsi çərçivəsində Azərbaycanın təhsil idarəçiləri Estoniyanın Tallin Texnologiya Universitetində olublar.

Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsinin öyrənilməsi olub. Biznes idarəçiliyi fakültəsinin dekanı dosent Vüqar Nəzərov və Tədris metodiki şöbəsinin mütəxəssisi Səmayə Abbasbəyli təlimlərdə ATMU-nu təmsil ediblər.

Səfərin ilk günü Tallin Texnologiya Universitetinin rektoru professor Tiit Land qonaqlara bu ali məktəb haqqında ətraflı məlumat verib. Digər günlər təlim proqramı çərçivəsində peşəkar mütəxəssislər tərəfindən təqdimatlar keçirilib. Təlimlər sahibkarlığın kurikuluma inteqrasiyası, sahibkarlıq əlaqələrinin və sahibkarlıq təhsilinin sistemli inkişaf etdirilməsi, Estoniyanın tədqiqat və inkişaf, innovasiya və sahibkarlıq strategiyası, eyni zamanda, Estoniya startap mühiti, sənayenin rəqəmsallaşması, elektron idarəetmə kimi mühüm mövzulara həsr olunub.

Təlimin növbəti günlərində iştirakçılar “Mektori” adlanan TalTech İnnovasiya və Biznes Mərkəzində olublar. “Mektori” bütün dünyadan olan bizneslərin, tələbələrin, professorların, məktəblilərin və investorların vahid komanda halında yeni ideyalar və innovasiyalar yaratmaq üçün bir araya gəldiyi şəbəkə mühitidir.

Estoniyanın Təhsil və Gənclər Şurasının nümayəndələri ilə görüşdə Sahibkarlıq və Karyera Proqramının meneceri Katrin Kivisild sahibkarlığın təhsilin inkişafına və ölkə üçün əhəmiyyətinə dair ətraflı məlumat verib.

Təlimin son günü layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin layihə üzrə məsul şəxsləri sahibkarlıq üzrə universitetlərdə həyata keçirilən fəaliyyətlər və planlar barədə təqdimatlarla çıxış edərək təcrübə mübadiləsi aparıblar. ATMU nümayəndələri də sözügedən istiqamətdə universitetdə həyata keçirilən fəaliyyətlərlə bağlı geniş təqdimat ediblər. Yekunda isə layihə koordinatoru tərəfindən hesabat xarakterli iclas keçirilib və qeydlər aparılıb.