Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Xalq rəssamı Tofiq Ağababayevin sentyabrın 8-də 95 yaşı tamam olub. Bu münasibətlə sentyabrın 9-da mədəniyyət naziri Adil Kərimli yubilyar sənətkarı evində ziyarət edib.

Görüşdə Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri, nazirliyin əməkdaşları iştirak ediblər.

Tofiq Ağababayevi yubileyi münasibətilə təbrik edən nazir sənətkara möhkəm cansağlığı və bundan sonra da yaradıcılıqla dolu fərəhli ömür arzulayıb.

Xalq rəssamının Azərbaycan təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliği sahəsində səmərəli fəaliyyətini yüksək qiymətləndirən Adil Kərimli yubilyara Mədəniyyət Nazirliyi kollektivinin ən xoş arzularını çatdırıb.

Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan sənətkara nazirliyin fəxri diplomu təqdim edilib.

Xalq rəssamı göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Tofiq Ağababayev 1928-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Sankt-Peterburq Rəssamlıq Akademiyasının Keramika-şüşə fakültəsində təhsil alıb. Monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində diqqətəlayiq əsərlər yaradıb. Əsərləri Azərbaycanla yanaşı, bir sıra ölkələrdə də muzey və şəxsi qalereyalarda saxlanılır. Paytaxtımızın simvolik açarının düzəldilməsi də sənətkarın adı ilə bağlıdır.

Onu da qeyd edək ki, qəzetimizin yaxın saylarının birində təsviri sənətimizin 95 yaşlı sənətkarı ilə geniş müsahibəni oxuculara təqdim edəcəyik.