Ölkədə üçgünlük matəm elan olunub...


Afrikanın şimal-qərbində yerləşən Mərakeş Kralliğında sentyabrın 9-na keçən gecə baş verən zəlzələnin qurbanlarının sayı artmaqdadır.

Sentyabrın 10-na olan məlumata görə, dağıntılar altından çıxarılanların sayı 2 mini keçib. Ölkədə üçgünlük matəm elan olunub

6,8 bal gücündə zəlzələnin episentrinin krallığın üçüncü böyük şəhəri – ölkə ilə eyni adı daşıyan Mərakeş şəhərindən 77 kilometr cənub-şərqdə, Yüksək Atlas dağ silsiləsində 10 kilometr dərinlikdə olduğu bildirilir.

Yeraltı təkanlar ölkənin mərkəzindəki vilayətlərdə, episentrdən təxminən 400 kilometrə qədər radiusda hiss olunub.

Zəlzələ tarixi tikililərə də zərər vurub. O cümlədən ölkənin əsas mədəniyyət paytaxtı sayılan Mərakeş şəhərində qədim məhəllələr, XII əsrə aid Kutoubia məscidinin 69 metrlik minarəsi, XIX əsrdə tikilmiş, hazırda Mərakeş Milli Xalçaçılıq Muzeyinin yerləşdiyi Dar Si Səid sarayı ciddi ziyan görüb. Mərakeş Milli Muzeylər Fondunun prezidenti Mehdi Kotbinin sözlərinə görə, zəlzələ qədim evlərdə saxlanılan maddi irsin bir hissəsini məhv edib.

Kral VI Məhəmməd fəlakət zonasında axtarış-xilasetmə işlərinə hərbi vertolyotlar və dronlardan istifadə ilə bağlı ordu qüvvələrini də səfərbər edib.

Qeyd edək ki, təbii fəlakətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə başsağlığı məktubu göndərib. “Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, – deyə məktubda bildirilir.