Turizm İnstitutunun Xarici əlaqələr və layihələr şöbəsinin əməkdaşları Vüsalə Qəhrəmanlı və Nəzrin Əliyeva yanvarın 22-dən 25-dək ali təhsil müəssisələrindən seçilmiş nümayəndələrin iştirakı ilə «Azərbaycan Universitetlərinin Beynəlxalq Əlaqələr Departamentinin inkişafı» üzrə təlim kursunda iştirak ediblər. Təhsil Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının layihəsi çərçivəsində təşkil edilən kursun məqsədi beynəlxalq əlaqələr sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
   İngiltərənin Varvik Universitetinin Beynəlxalq əlaqələr departamentinin ekspertləri tərəfindən aparılan təlimlərdə Bakı, Gəncə, Naxçıvan və Sumqayıtın 15 ali məktəbinin beynəlxalq əlaqələr şöbələrinin əməkdaşları iştirak edib. Təlimlər interaktiv şəkildə təşkil olunub, iştirakçılar qarşılıqlı müzakirələrdə təcrübələrini bölüşüb, maraqlı təklif və rəylərlə çıxış ediblər. Kursu uğurla bitirən iştirakçılar üçün gələcəkdə İngiltərənin Varvik Universitetinə tanışlıq səfərinin təşkili nəzərdə tutulub. Britaniya Şurasının proqramlar üzrə meneceri Əkbər Daşdəmirov keçirilmiş uğurlu təlimin nəticəsi olaraq ali məktəblərlə gələcəkdə bu tip təlimlərin davam etdirilməsi niyyətində olduqlarını qeyd edib. Sonda iştirakçılara sertifikat verilib.
   Qeyd edək ki, sözügedən təlim kursunun birinci mərhələsi 2012-ci ilin 24-28 sentyabr tarixlərində keçirilib.
   
   Fəxriyyə Abdullayeva