Azərbaycan Dili və Ədəbiyyatı Forumundan sonra
Məlum olduğu kimi, 1-3 sentyabr tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Belə bir forumun keçirilməsi labüd idi. Bu labüdlüyü doğuran müsbət cəhətlər də var, üzərində ciddi düşünülməli məqamlar da var.
Öyrənilməli olan 14 dildən biri
Əvvəlcə müsbət cəhətləri qeyd edək. Bunlardan biri öyrənilməsi zəruri sayılan 14 dil sırasında dilimizin də yer almasıdır. Bu nailiyyətə gətirən yolda isə bir çox işıqlı cığırlar var. Forumda da qeyd olunduğu kimi, Azərbaycan dilinin tarixin mürəkkəb dövrlərinin sınaqlarından çıxmasında ədiblərimizin müstəsna xidməti var. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan dili qət etdiyi inkişaf yolunda dialektlərdən silkinib çıxıb, ədəbi dil səviyyəsində formalaşıb. Yetər ki, bunun fərqinə varasan. Onda sahiblik və qorumaq hissi özünü ən yüksək səviyyədə büruzə verəcək. Məsələn, dilimizin məhz Azərbaycan dili kimi, bu adla özünütəsdiqi kimi.
Ulu öndər Heydər Əliyevin sözlərini yada salaq: “...Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Amma digər hər bir türkdilli xalqın dili o xalqın adı ilə adlanır. Biz də azərbaycanlıyıq. Dilimiz də Azərbaycan dilidir”.
Nizamlı və bütöv dil
Azərbaycan dili, Azərbaycan nitqi yazılış və səslənmə qaydalarına görə kübar dildir. Bu dildə hər hansı fikri nitqlə və ya qələmlə ifadə edərkən dilin nizamlı və bütöv dillərdən biri kimi kifayət qədər nadir keyfiyyətə malik olmasını nəzərdən qaçırmaq, yumşaq desək, diqqətsizlikdir. Son illərə qədər ən böyük diqqətsizlik dialekt və şivələrin Azərbaycan dilinin yazılı və şifahi kütləvi informasiya vasitələrində qol-qanad açması idi. Halbuki hələ illər öncə dünya alimləri dillərin dialektlərdən təmizlənməsinə xüsusi diqqət ayırıblar. Bizdə isə əksinə, Azərbaycan dilinin dialektlərlə zənginliyi ön plana, ədəbi dilin mükəmməlliyi arxa plana keçdi, media Azərbaycanın bütün bölgələrinin loru, məişət danışığının, yazılışının palitrasına çevrildi. Əslində isə ali təhsilli adam, ümumiyyətlə, dialektlə nəinki yazmamalı, heç danışmamalıdır. Eynilə “indən belə”, “görsənir”, “görükür” kimi ifadələrin də ədəbi dilə heç bir aidiyyəti yoxdur. Televiziya və radio verilişlərində Azərbaycan dili hər kəs tərəfindən “təfsir” edilir. Hətta bu yaxınlarda bir radioaparıcı belə bir mülahizə irəli sürdü ki, “səbirli olmaq” hər hansı dözülməzliyə dözmək anlamındadır. Radio ilə televiziyanın auditoriyası daha genişdir. Bu mülahizəni qulağı çalan bir yeniyetmə və ya gənc çaşbaş vəziyyətə düşməzmi? Səbirli olmağın son dərəcə geniş məna arealı var. Məsələn, insan səbirli olmasa, hər hansı işi normal şəkildə başa çatdıra bilərmi? Təbii ki, yox. Efir vaxtını məntiqsiz-məzmunsuz əllaməliklə doldurmağa laqeyd qalsaq, belə “aparıcılar” baş alıb gedəcəklər.
Tədris və elmi ədəbiyyat
Azərbaycan dili və ədəbiyyatına layiqli münasibət onun tədrisindən başlayır. Bu məsələyə yanaşma da birmənalı deyil. Məsələn, biz rus bölməsində tədrisin daha keyfiyyətli fikrinin mif olduğunu və ali məktəblərə qəbul zamanı Azərbaycan bölmələrinin məzunlarının daha yüksək nəticələr göstərdiklərini faktlara əsaslanıb deyə bilərik. Amma Azərbaycan dilinin tədrisi, bu sahədə dərsliklərin vəziyyəti ilə bağlı problemləri də dana bilmərik. Dərsliklər məktəblilərə siqnal nüsxələri kökündə çatdırılır; bir tərəfdən qrammatik səhvlər, digər tərəfdən məzmununun bəsitliyi. Bəsit məzmun və üçüncü sinifdən tədris edilən (?) leksika, morfologiya...
Dərslik demişkən, dərsliklərin səhvlərlə dolu olması Azərbaycan dilinin elmi “qolunun” zəif olmasından irəli gəlir. Bu məsələ son otuz ilin ən ümdə problemlərindəndir – Azərbaycan dilində yazılmış və ya dilimizə tərcümə edilmiş səviyyəli, savadlı humanitar və dəqiq elmlərə aid elmi ədəbiyyat tapmaq müşküldür. Aydınlaşdırmaq lazımdır ki, niyə elmi və xüsusən də texniki ədəbiyyatın Azərbaycan müəllifləri tərəfindən tərtibi və ya tərcüməsi bu dərəcədə yarıtmaz vəziyyətdədir. Unutmayaq ki, dilin mükəmməlliyini, müqtədirliyini, yaşarılığını bədii dildən sonra onun elmi dili təmin edir.
Teatr və kinomuzun dili
Teatr vizual və söz sənətinin sintezində mükəmməl səviyyə qazana bilir. Bəli, söz tələb olunmayan teatr növləri də var – balet, pantomim. Amma uzunmüddətli müşahidə göstərir ki, üz və bədən dilində ifadə edəcəyi süjetin söz məzmununu tam duyub dərk etməyən aktyor o süjetin balet və ya pantomim tamaşası şəklində ifasında da sənət əsəri yarada bilmir. Ən əcaibi odur ki, Azərbaycan dialekt və şivələri dünya ədəbiyyatı nümunəsinin tamaşalarında da eşidilir. Belə əcaibliyin yanında kəlmələri, ifadə və cümlələri yazıldığı kimi deklamasiya edilməsi az qala qənaətbəxş görünməyə başlayır. Yeri gəlmişkən, dilimizdəki sözlərin deyildiyi kimi yazılması təklifləri birmənalı şəkildə qəbul edilə bilməz.
Kino bütünlüklə olmasa da, xeyli dərəcədə vizual, illüziya sənətidir. Ədəbiyyatımızla kinomuz arasında son illər yaranmış məsafəli münasibətin mənfi təsirini bir daha vurğulamağa ehtiyac yoxdur. Yaxşı film yaxşı ssenari deməkdir. Ədiblərimizin dəyərli əsərləri kino dilinə uyarlı şəkildə təbdil olunmadıqca, ssenariçi (-ist sonluğunun dilimizə yad olduğunu qəbul etmək vaxtıdır) bacarıqları aşılanmadıqca inkişaf etmiş Azərbaycan kinosundan danışa bilməyəcəyik. Baxın, kinomuzun ən böyük çatışmazlığı nədir? Xarakter. Hər hansı insan xarakteri kağız üzərində bitkin yaradılmayıbsa, ekranda rejissorun təqdim etdiyi personaja qətiyyən uyğun olmayan davranış görəcəyik. Necə ki, görürük. Bu halda kino sənətindən necə danışmaq olar?
Yekun olaraq...
Ən melodik, ən bitkin dillərdən biri olan Azərbaycan dilinin korlanacağından çox narahat olmaq və heç narahat olmamaq düzgün mövqe deyil – qədərində olmalıdır hər iki emosiya. Tərcümə məsələsi burda da böyük önəm kəsb edir. Dilin daha da rəvan olmasını şərtləndirən məqamlardan biri məhz tərcümədir. Humanitar və dəqiq elmlərə aid bədii və elmi ədəbiyyatın tərcüməsinə daha böyük diqqət ayrılmalıdır. Tərcüməçilər daha diqqətlə seçilməli, zəhmətləri daha yaxşı qiymətləndirilməlidir ki, müxtəlif sahələr üzrə ixtisaslaşmış tərcüməçilər yetişsin. Belə yanaşma humanitar sahəyə söz yaradıcılığı, texniki sahəyə isə dəqiqlik kimi xeyirli vərdişlər qazandırar...
Samirə Behbudqızı