Müstəqillik tariximizin iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük incəsənət layihəsi sayılan Uşaq İncəsənət Festivalının final mərhələsi başa çatıb.

21 nominasiyası olan festivalın final mərhələsi 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.

Final mərhələsinə 57 kollektiv, fərdi şəkildə isə 1687 nəfər qatılıb.

Festivalın final mərhələsinin gedişini izləmək üçün sentyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olduq. Həmin gün estrada oxuma nominasiyası üzrə çıxışlar dinlənilirdi.

Final mərhələsinin 38 iştirakçısı həyəcanla öz çıxış növbəsini gözləyir. Onların məharətini Xalq artisti, müğənni Natəvan Şeyxova, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə və bəstəkar Pikə Axundovadan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Çıxışlar başlayır, uşaqlar münsiflər qarşısında öz bacarıqlarını nümayiş etdirirlər. Təqdim olunan estrada mahnıları həm Azərbaycan, həm də xarici ölkə musiqilərini əhatə edir. İfaçılarda final sevinci ilə yanaşı, həyəcan da hiss olunur.

Çıxışlara bir neçə dəqiqəlik fasilə verilir.

Fürsət tapıb münsiflər heyətinin üzvlərindən Pikə Axundovadan festival barədə fikirlərini öyrənirik: “Həqiqətən, Uşaq İncəsənət Festivalı genişmiqyaslı bir layihədir. Finalda ötən turlardan seçilən ən yaxşı uşaqlar iştirak edir. Ona görə də uşaqlar arasında seçim etmək çətinləşib. Vətənimin belə istedadlı uşaqları ilə qürur duyuram. Fürsətdən istifadə edib bütün iştirakçılara uğurlar arzulayıram. İnanıram ki, bu gün səhnədə kövrək addımlarını atan uşaqlar gələcəkdə Azərbaycan musiqisinin layiqli təmsilçiləri olacaqlar. Bütün təşkilatçılara təşəkkürümü bildirirəm”.

Filarmoniyanın böyük səhnəsinin arxasındayıq. Çıxışlarını yekunlaşdıran iştirakçıların da bəziləri öz təəssüratlarını bizimlə bölüşür.

Ruqlay Əlisoy Bakı şəhəri S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. O, həmçinin Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin 3-cü sinfində təhsil alır. Çıxışı zamanı bir qədər həyəcan yaşadığını deyir.

Nuray Mirzəzadə festivala Ağcabədi rayonunun Hüsülü kəndindən qatılıb. Kəndlərindəki musiqi məktəbində təhsil alır: “Festivalın finalında iştirak etmək üçün nənəmlə birlikdə Bakı şəhərinə gəlmişəm. Nənəm musiqi məktəbində fortepiano ixtisası üzrə dərs deyir. Mən də nənəmin sayəsində musiqiyə həvəs göstərmişəm”.

Əzizə Davudova isə hələ həyəcanla səhnəyə çıxacağı anı gözləyir. Şəki rayonunun Kiş kəndindən gəlib. Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin 4-cü sinfində təhsil alır. Əzizə üzərində əməyi olan bütün müəllimlərinə təşəkkürünü bildirir: “Gələcəkdə ölkənin tanınmış sənətçilərindən olmağı arzulayıram”.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festivalın baş sponsoru “BP Azerbaijan” şirkətidir.

Üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olmuşdu. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi isə iyul-avqust aylarını əhatə etmişdi.

Festivalın qalibləri haqqında qarşıdakı saylarımızda məlumat verəcəyik.

Nurəddin