“Biz – iştirakçılar, münsiflər, təşkilatçılar, qonaqlar bu festivalı keçirməklə müsəlman aləmi ilə Rusiya arasında münasibətlərin təməlinə daha bir iri kərpic qoymuş olduq”.

Bu sözləri XIX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının bağlanış mərasimində Tatarıstan Respublikası Baş nazirinin müavini, festivalın təşkilat komitəsinin sədri Vasil Şeyxraziyev söyləyib.

Müsabiqə proqramına 20-dən çox ölkəni təmsil edən 52 filmin daxil olduğu festivalın mükafatçılar coğrafiyası da genişdir.

“Ən yaxşı tammetrajlı oyun filmi” üçün nəzərdə tutulan Qran-pri mükafatı və 1 milyon rublluq sertifikat İran rejissoru Behruz Şoaibinin “İlkin razılaşma olmadan” filminə verilib. “Bizim ev” (Hindistan) filminin quruluşçu rejissoru Romi Meytei ən yaxşı rejissor hesab edilib. Tammetrajlı oyun filminin ən yaxşı aktyoru və aktrisası isə müvafiq olaraq Vaggelio Andreaki “Ləyaqət” (Yunanıstan) və Peqa Əxənqərani “İlkin razılaşma olmadan” (İran) qalib seçiliblər.

Yuliya Bobkovanın “Qaçqınlar” (Rusiya) filmi “Ən yaxşı tammetrajlı sənədli film”, Salah Bufellin “Təbiətin qəlbi. Bakdi” (Əlcəzair) lenti “Ən yaxşı qısametrajlı sənədli film” mükafatlarına layiq görülüblər. Xusnora Rozmatovanın “Bədbəxt adaxlı” (Özbəkistan) filmi isə Tatarıstan rəhbərinin şəxsən təsis etdiyi “Kino sənətində humanizmə görə” mükafatını qazanıb.

XX Kazan Beynəlxalq Müsəlman Kinosu festivalı 2024-cü il sentyabrın 7-dən 11-dək keçiriləcək.

Gülcahan