15 sentyabr – Bilik Günü ərəfəsində paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına park-bulvarda II “Bilik” kitab sərgi-yarmarkası keçirildi.

Sərgi Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANA) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8-9 sentyabr tarixlərində gerçəkləşdi.

Sərginin açılışında qəzetimizə müsahibə verən assosiasiyanın idarə heyətinin üzvü, “BookZone” kitab evinin rəhbəri Seymur Tağıyev qeyd etdi ki, sərgi-yarmarkada 20-dən çox nəşriyyat və kitab evi iştirak edir. Nəşr məhsullarına 20 faizdən 70 faizədək endirimlər tətbiq olunub: “Sərgidə məktəbli ləvazimatı, kitablar, qeyd dəftərləri, test topluları, çantalar, bədii əsərlərin satışı təşkil edilir. Həmçinin sərgi məkanında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ayrıca stend də hazırlanıb”.

ANA-nın gələcək layihələri haqqında məlumat verən S.Tağıyev bildirdi ki, oktyabr ayında Sumqayıtda III Kitab sərgisi təşkil ediləcək. Bundan başqa, dekabr ayında Gəncədə, gələn ilin mart, aprel və may aylarında isə müvafiq olaraq Bakı, Lənkəran və Naxçıvanda kitab sərgilərinin keçirilməsi nəzərdə tutulub.

Açılış mərasimində ANA idarə heyətinin sədri Şəmil Sadiq və Nizami rayonu icra başçısının müavini İldırım Mehdiyev çıxış edərək sərgi haqqında fikirlərini bildirdilər.

Qeyd edək ki, sərgi müəlliflərin imza mərasimləri, əyləncəli şou-proqram, şeir saatları, canlı musiqi, uşaqlar üçün ustad dərsləri ilə yadda qalıb. Sərgi çərçivəsində Təhsilin İnkişaf Fondu və ANA-nın birgə təşkilatçılığı ilə keçirilən “Kitabqurdu” yay oxu marafonunun iştirakçıları ilə yazarlar Rövşən Abdullaoğlu, Əziz Sultan, Reyhan Yusifqızı, Əziz Yaqubzadə və Aynur Cavidin görüşü gerçəkləşib.

Nurəddin