Bu, Xalq artisti Aydın Şahsuvarovun sənət amalı idi
Bu il peşəkar Azərbaycan teatrının yaranmasının 150, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının isə 140 illiyidir. Özünəməxsus ənənələri olan Naxçıvan teatrının inkişafında xidmətləri olan səhnə xadimləri arasında babam, Xalq artisti Aydın Şahsuvarovun da xidmətləri var. Azərbaycan teatrı üçün bu əlamətdar ildə babamın həyat və yaradıcılıq yoluna nəzər salmaq istədim.
Aydın Ağa oğlu Şahsuvarov 1931-ci il yanvar ayının 19-da Naxçıvan şəhərində anadan olub. Şəhərin qədim “Sarvanlar” məhəlləsindəki evləri Naxçıvan teatrının yerləşdiyi binaya yaxın idi. Balaca Aydın heç zaman ağlına belə gətirməzdi ki, nə vaxtsa aktyor olacaq, evlərinin yaxınlığındakı bu sənət məbədində işləyəcək, maraqlı rolları ilə diqqət çəkəcək, hətta “Xalq artisti” kimi yüksək fəxri adı daşıyacaq. Ancaq Xalq şairimiz Bəxtiyar Vahabzadə demişkən, “Bir an sonra nə olacaq bil görüm...”.
Uşaqlıqdan aktyorluğa böyük həvəsi olan Aydın özünü ancaq səhnədə təsəvvür edirdi. Gənc ikən bir neçə həmyaşıdı ilə birlikdə Xalq yazıçısı Hüseyn İbrahimovun “Torpaq, təslim ol” əsərini Yunis Cabbarov adına klubda tamaşaya qoyurlar. Bundan sonra onun üçün uşaqlığın kövrək və romantik qayğıları arxada qalır. Aydın Bakıya yola düşür. Teatra olan marağı onu Dəmiryol Texnikumunda təşkil olunmuş özfəaliyyət dram dərnəyinə gətirir və bu dərnəyin fəallarından biri olur.
Naxçıvan səhnəsi, doğma şəhər Aydını özünə daha çox çəkir. Nəhayət, 1955-ci ildə Naxçıvana qayıdır, teatrda fəaliyyətə başlayır. Aktyor kimi ilk epizodik rollarından tələbkar, tələbkar olduğu qədər də qayğıkeş insan olan bu səhnə ustası özü haqqında müsbət rəy yaratmağı bacarır. Onun üçün rolun böyük və ya kiçiyi yox idi. Böyük-kiçik aktyor məfhumu var idi. Aydının oynadığı bütün rollar hədəfə dəyirdi. Böyük sənət fədaisi Hüseyn Ərəblinskinin gözəl bir sözü var: “Səhnə yeganə yerdir ki, orada oynamazlar, orada yaradarlar”. Aydın da səhnə əsərlərində obrazlarda oynamır, xarakterlər yaratmağa çalışırdı. O, hər şeydən öncə, xarakter ustası idi. Obrazlarla yaşamağı gözəl bacarırdı. Hər zaman söyləyərdi ki, aktyor oynadığı rolu özününküləşdirməyi bacarmalıdır. Əks halda surətin daxili aləmini açmaq mümkün deyil. Sevib-seçdiyi sənət haqqında bilgiləri çox idi Aydının. Azərbaycan və dünya klassiklərinin əsərləri ilə yanaşı, teatr sənəti ilə bağlı elmi araşdırmaları da mütəmadi mütaliə edirdi. Buna görə də oynadığı rollara ciddi yanaşır, sənətin meyarlarını uca tuturdu. O, sənətkarın savadlı, zəngin dünyagörüşlü olmasını vacib sayırdı.
Aydın sanki anadan aktyor doğulmuşdu. Elə bil daxilində ikinci bir Aydın var idi və qəlbinin elə dərinliyində yer etmişdi ki, onu duymaq, hiss etmək qeyri-mümkün idi. Onu duymaq üçün, belə demək mümkünsə, Aydınlaşmaq lazım idi. Dünya boyda bir dərdi var idi. Bu dərdi heç kəs bilmirdi. Bu dərd aktyorun ancaq özünə məxsus idi. Dərdini heç kəslə bölüşməz, pünhan saxlayardı. Bu dərd ana dərdi, bu dərd qardaş dərdi idi... Həyatının gənc çağında, qəlbinin arzularla coşan vaxtında içindəki sevinci ana itkisi, ana yoxluğu əvəz etmişdi. Anasını itirəndən sonra atasının 20 ilə yaxın yataq xəstəsi olması onu dərindən sarsıtmış, canından çox sevdiyi 21 yaşlı qardaşının ölümü sanki Aydının həyat pərdəsini bağlamışdı... Yaşadığı böyük itkilərə baxmayaraq, səhnədə gah Əmir Teymur, gah Vidadi olurdu. Elə ki pərdələr bağlandı, tamaşa bitdi, yenə həssas ruh halı, daxili problemləri onu rahat buraxmırdı.
Aydını kinofilmlərə də dəvət edirdilər. Lakin aktyor öz doğma teatrını qoyub heç bir yerə getmirdi. Görkəmli teatrşünas-alim Cəfər Cəfərov aktyor haqqında demişdi: “Aydın nadir sənətkarlardan idi ki, öz sənətinə, səhnəsinə heç zaman xəyanət etmədi. Aydın üçün klassik, dramatik və yaxud başqa janrlarda qurulan əsərlərin heç bir fərqi yox idi. Yalnız onu bir şey düşündürürdü: obrazı yaratmaq və onu tamaşaçı qəlbində yaşatmaq”.
Aktyor musiqini də dərindən duyur, hiss edirdi. Çox gözəl səsi var idi. Aydın Şahsuvarovla çox yaxın dostluq münasibəti olan Naxçıvan səhnəsinin ulduzlarından Xalq artisti Sofya Hüseynova babamla bağlı xatirələrində onu dərin hörmət, rəğbət və məhəbbətlə anırdı. Onlar bir sıra tamaşalarda tərəf-müqabil olublar. Sofya xanım həmkarını xatırlayarkən demişdi: “Adımız artistdir. Lakin səhnə artistliyi sevmir. Səhnədə təbii olmaq lazımdır. Oynadığın obrazın simasını yaradasan gərək. Bu istedad Aydın Şahsuvarovda ən yüksək səviyyədə idi”. Sofya xanım aktyorla son dəfə Loğman Rəşidzadənin “Toya bir gün, bir günorta qalmış” komediyasında oynamışdı: “Aydın səhnədə nə qədər gülsə də, səhnədən çıxan kimi, daxili əzabları onu yenidən narahat edirdi. Aktyorun gülüşünü yellər aparmışdı sanki. Onu ancaq səhnə güldürürdü...”.
Aydın Şahsuvarovun “Şərq qapısı” qəzetinin məsul katibi işləmiş Aqib Babayevlə də çox gözəl dostluq münasibətləri olub. A.Babayev xatirələrində Aydını təvazökar, qayğıkeş, dostcanlı insan kimi qeyd edib. O, birgə səsləndirdikləri radiotamaşalar haqqında da söz açıb: “Aydın Şahsuvarov haqqında düşünəndə onun böyük istedadla yaratdığı obrazlar yada düşür. N.Hikmətin Vera Tulyokova ilə birlikdə yazdığı “Kor padşah” dramında Kor padşah, C.Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Əhməd, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasında hambal, K.Ağayevanın “Məhsəti” mənzum dramında Xətib və bir-birindən fərqli xarakterli obrazlara Aydın yeni nəfəs, ölməzlik bəxş etmişdi. Aktyor oynadığı bu rolların daxili aləmini düzgün səciyyələndirir, koloritli obrazlar yaratmaq üçün axtarışlar aparırdı. Görkəmli rejissor Baxşı Qələndərli həmişə deyərdi ki, Aydın xarakter yaratmağı çox gözəl bacarır. Onunla işləmək həm rejissora, həm də tərəf-müqabilinə xüsusi zövq verir. Aktyor həyatda sakit, təmkinli olsa da, səhnədə, Xalq artisti Firuzə Əlixanova demiş, od-alov idi. Aktyorun oynadığı rolların sayı-hesabı yox idi. Yaşamalı illəri qarşıda idi. O, İblisi, Knyazı, Ağa Məhəmməd şah Qacarı oynamağa hazırlaşırdı. Lakin ömür vəfa etmədi...”.
Bəli, ömrün vəfasızlığı. Bir soyuq-sazaqlı, tufanlı qış günündə dünyaya göz açan Aydın Şahsuvarov 1986-cı il iyunun 2-də, ömrünün 55-ci baharında gözlərini əbədi yumdu. Sənət dostlarının dediyi kimi, Naxçıvan teatrı Aydınsız yaman yetim göründü. Axı o, həyat verdiyi obrazlar qalereyası ilə Naxçıvan teatrının Aydın səhifəsini yaratmışdı...
Babam haqqında düşüncələrimi elə özünün bir fikri ilə tamamlamaq istəyirəm: “Allah tərəfindən sevilənlər cavan ölürlər”.
İlkanə Şahsuvarova
Kəngərli rayon Böyükdüz kənd Mədəniyyət evinin direktoru