Bu günlərdə iştirakçısı olduğumuz Azərbaycan Dili və Ədəbiyyatı Forumunda geniş müzakirəyə çıxarılan və geniş diskussiya doğuran məsələlərdən biri də “Uşaq və yeniyetmələr arasında  mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti” mövzusu idi. Müzakirədə yazar və mütəxəssislərin, uşaq ədəbiyyatı üzrə tanınan imzaların fikir və təklifləri dinlənildi.

Diskussiya daha çox “Uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri” ətrafında oldu. Əsas giley-tənqid də dərsliklərin bədii keyfiyyəti və orada istifadə olunan mətnlərlə bağlı idi. Bu bir həqiqətdir ki, bu gün orta məktəb dərsliklərində ədəbi mətnlər istər tam, istərsə də hissəli şəkildə keyfiyyət baxımından qaneedici deyil.

Belə olduqda sual yaranır: müasir Azərbaycan ədəbiyyatı, müəlliflər uşaqlar üçün yazmağa maraqlı deyillər, yoxsa onlara sifariş olunmur? Sualı bir az da açsaq, tələb ilə təklif arasındakı rabitəsizliyə səbəb nədir və uşaq və yeniyetmələr üçün istər tədris vasitələri, istərsə də əlavə ədəbiyyat yazılarkən sosial sifariş öyrənilirmi?

Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirli deyir ki, bu əlaqə elə də zəif deyil: “Forumun ədəbi aləmdə bir canlanma yaratması göstərir ki, müzakirəyə çıxarılan məsələlər çox aktualdır. Panel müzakirələrinin birinin uşaq ədəbiyyatının müasir vəziyyətinə həsr olunması  da göstərdi ki, bu sahədə həllini gözləyən xeyli problem mövcuddur. Uşaqlar və yeniyetmələr üçün səhnə və kino dramaturgiyasının vəziyyəti poeziya və nəsrlə müqayisədə heç ürəkaçan deyil. Uşaqlar üçün nəzərdə tutulan pyeslər, həmin pyeslər əsasında qoyulan tamaşalar istənilən effekti vermir. Bu pyeslərin çoxunun xalq nağıllarının məlum süjetlərinə əsaslandığı da gözdən qaçmır. Təəssüf ki, nağıllara əsaslanan səhnə əsərləri çox vaxt həmin nağılları da gözdən salır.

Uşaqlar üçün orijinal məzmunlu pyeslər isə yox dərəcəsindədir. Bəlkə elə ona görədir ki, böyüklər üçün nəzərdə tutulmuş teatrlarımız da azyaşlı tamaşaçılarına “Qaraca qız”, “Məlikməmməd”, “Danışan gəlincik”, “Dovşanın ad günü”, “Qoğal”, “Buratino” kimi məlum əsərlərdən yararlanır. Mən teatrları qınamıram, təəssüf ki, bizdə əsərləri ilə uşaq ədəbiyyatımızı zənginləşdirə bilən yazıçılarımız azdır, səhnə və kino üçün yazan dramaturqlar da həmçinin. Səbəb məlumdur, uşaqlar üçün yaxşı əsər yazmaq çətindir. Bir məqamı da qeyd edim: bizdə yaxşı yazmağı bacarmayan yazıçılar, şairlər çox vaxt uşaqlar üçün yazmaqla özlərini ovudur və ya heç olmasa, bu sahədə uğur qazanmaq istəyirlər, halbuki, dediyim kimi, uşaqlar üçün yaxşı yazmaq çox çətindir, balacalar üçün yazan yazıçıda xüsusi beyin ukladı olmalıdır. Bəzən də aktual mövzu arxasında gizlənib zəif poetik kompozisiyalar işləyir, nağıllar uydururlar.

Sual yarana bilər ki, təcrübəli dramaturq kimi mən niyə uşaqlar üçün pyes yazmıram?  Cavab verməkdə çətinliyim yoxdur, çünki mənim auditoriyam uşaqlar, hətta yeniyetmələr də deyil. Əgər yazdığım pyeslər böyük auditoriyanın rəğbətini qazana bilirsə, niyə balacalar üçün yazmalıyam, bir halda ki, etiraf edirəm, uşaqlar üçün yaxşı əsər yaza bilmərəm. Deyirsiniz, bəlkə konkret sifariş, ya əsərin mütləq tamaşaya qoyulması üçün hansısa teatrdan zəmanət lazımdır. Əlbəttə, sifariş yazıçını səfərbər edir, amma sifariş əsas deyil, əsas olan yazıçının bunu bacarmasıdır”.

***

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova isə hesab edir ki, əsərlərin nəinki say və mövzu müxtəlifliyi, heç bədii keyfiyyəti də ürəkaçan deyil: “Şifahi xalq ədəbiyyatı və klassik uşaq mətnlərindən istifadə ilə ümumi balansı qorumaq çətindir. Bizdə daha çox folklor nümunələri, klassik müəlliflərimizin yaratdığı ədəbi nümunələr daha çox didaktik üsulda, yəni daha çox nəsihət aşılayan mətnlərdir. Hətta bizdə bir neçə alim var ki, onların fikrincə istər folklor, istər klassik mətnlərin kiçik yaş qrup uşaqlara aidiyyəti yoxdur və oradakı məsəllər daha çox yuxarı yaş qrupu üçündür. Bir qisim isə hesab edir ki, uşaq mətni, uşaq ədəbiyyatına yol buradan başlayır. Hesab edirəm ki, istər nağıllar, istərsə də klassik mətnlərdən yaradıcı şəkildə istifadə etmək lazımdır. Çünki onlar bizim yaddaş məxəzimiz, genetik kodumuzdur və onların əhəmiyyəti böyükdür. Seçmə nağılları toplayıb, kitab kimi çap etmək lazımdır. Bu zaman tərbiyəvi məqamlar önə çəkilməli, kənar təsir yarada biləcək məqamlar ciddi təhlil olunmalıdır. Düzdür, buna bir neçə dəfə cəhd olunub və bəzən sosial şəbəkələrdə geniş müzakirə edilib.

Avropa bu məsələni köklü həll edib və bu gün Andersenin, Qrimm qardaşlarının nağılları dünyanın 160-dan çox dilinə tərcümə olunub. Fikir verin, bu  az say deyil. Hərçənd türk xalqlarının nağıl nümunələri say etibarilə daha artıqdır. Araşdırmalara görə bu say 600-ü keçib. Amma gəlin görək, kütləvi uşaq oxucusu bu barədə nə dərəcədə bilgilidir?

Bu gün uşaq ədəbiyyatına o qədər də ciddi yanaşılmır. Sovet dövründə ədəbiyyat, xüsusən uşaq ədəbiyyatı dövlət siyasətinin tərkib hissəsi idi. O dövrü araşdıran biri kimi deyə bilərəm ki, sahəyə kifayət qədər mühafizəkar yanaşılıb. Amma uşaq ədəbiyyatı hələ o zaman da azərbaycançılıq, milli-mənəvi dəyərlərə daim geniş yer verib. Sadəcə, 90-cı illərdə ədəbiyyat özü diqqətdən kənarda qaldı və ciddi yanaşılmayan ədəbiyyat fonunda uşaq ədəbiyyatı lap kölgədə qaldı. Bu gün dünyanın əksər tanınmış yazıçılarının yaradıcılığından, az da olsa, uşaq mətnləri keçib. Onlar üçün meyar uşaq ədəbiyyatıdırsa, bizdə uşaq ədəbiyyatında kommersiya elə bir diktədədir ki, illüstrativ materiallardan mətnədək keyfiyyət çox bəsitləşib. Məncə, buna nəzarət mexanizmi olmalıdır. Sözsüz ki, yazıçı sosial sifarişi də nəzərə almalı və zamanın, dövrün nəbzinə uyğun nümunələr ərsəyə gətirməlidir”.

***

Uşaq yazıçısı Sevinc Nuruqızı da etiraf edir ki, Azərbaycanda uşaq ədəbiyyatının hazırkı vəziyyəti yaxşı səviyyədə deyil: “Amma bu, yenilik də sayılmaz. Çünki bu sahə hər zaman zəif qol olub. Spesifik xüsusiyyətləri var. Digər tərəfdən, uşaqlar üçün yazmaq hər kəsin bacardığı iş deyil. Odur ki, hər yazıçı da ona maraq göstərmir. Ən ağrılısı isə odur ki, bu auditoriyanı heç də hər müəllif özünə yaraşdırmır. Amma məncə, ən qabarıq səbəb sahənin çətinliyidir. Üstəlik indi ədəbiyyat, xüsusən də uşaq ədəbiyyatı rentabelli deyil. Bu da yazıçıları, xüsusən də yeni nəsli həvəsdən salır. Qazanc yox, narahatlıqlar çoxdur. Heç bir rahat adam uşaq ədəbiyyatına gələ bilmir. Suallar çoxdur və bəzən adam özü də aciz qalır. Amma yenə də uşaqlara sevgi adamı işindən soyutmur. Belə olduqda nəşriyyatları da qınamırsan, tələbat az olduqdan sonra nə isə söz demək olmur. Odur ki, yazıçı yalnız kitabının çapına sevinə bilir. Burada qonorardan söhbət belə gedə bilmir.

Bu gün uşaq kitablarına tələbat da o səviyyədə deyil. Uşaqlara kitab almaq, onlarda mütaliəyə maraq yaratmaq, cəmiyyət olaraq uşaqlara oxumaq vərdişi aşılamaq kütləvi olaraq yada düşmür. Üstəlik, proqram yükü uşaqları istər-istəməz yorur və onlar əlavə ədəbiyyata meyil etmirlər və nəticədə istehlakçı ilə istehsalçı arasındakı tələb-təklif balansı pozulur. Bu da ciddi məsələdir. Pessimist səslənəcək, amma təəssüf ki, uşaq əsərlərinə tələb olmadıqca, müəlliflər də zaman-zaman sahəni unudacaq, həvəsdən düşəcək, yazmayacaq və rabitə qırılacaq.

Sosial tələbatın öyrənilib-öyrənilmədiyini soruşursunuz. Siz və ya digərləri uşaq müəlliflərinin nə yazdığını bilmirsə, o yazılanlar kütləvi təbliğ olunmursa, animasiya filmləri, teatr tamaşaları hazırlanmırsa, biz o sosial tələbatı necə bilməliyik? Müəllif olaraq sosial sifarişi yalnız məktəblilərlə görüşlərdə öyrənə bilirik...”.

***

Məsələyə münasibət bildirən “Təhsil” nəşriyyatının direktoru Tural Axundovu isə başqa məqam narahat edir. Deyir, cəmiyyət arasında kitab, xüsusən də uşaq və yeniyetmələr üçün istər tədris, istərsə də əlavə oxu vasitələri ətrafında qara kampaniya aparılır və bu, ümumilikdə milli kitab bazarına mənfi təsir göstərir: “Götürək dərs vəsaitləri, onların mətnləri ilə bağlı narazılıqları. Bu gün o vəsaitlərin hər biri ekspert qrupunun nəzarətindən keçir, Dövlət İmtahan Mərkəzinə, oradan Təhsil İnstitutuna gedib, xeyli müvafiq rəylərdən sonra çapa verilir. Üstəlik, tədris metodunun tələblərinə uyğun mətnlər tələb olunur. Hələ bu, məsələnin ən səthi məqamlarıdır. Bütün bunlardan sonra kütləvi olaraq rəy formalaşdırmaq doğru deyil. Dərs proqramındakı ədəbiyyatdan daha çox əlavə vəsaitləri diqqət mərkəzində saxlamalıyıq. Təəssüf ki, bu gün buna xüsusi nəzarət yoxdur və hər müəllif istədiyi mövzunu, ideyanı əsərə, yazı materialına çevirib mətbəəyə müraciət edib, pulunu ödəyərək çap etdirir. Belə olduqda nə siz deyən sosial tələbat nəzərə alınır, nə də uşaq və yeniyetmələrin təlim-tərbiyəsindəki işlək mexanizmlər. “Təhsil” nəşriyyatı olaraq biz görüşlərdə, sərgilərdə mütəmadi iştirak edirik, uşaq ədəbiyyatı yönümlü təşkilatlarla əməkdaşlıq edib, sorğular keçiririk. Özümüzün də uşaqlar üçün sosial layihələrimiz var. Çap siyasətimizdə müraciət edən uşaq müəlliflərinin əsərlərinə də yer verməyə çalışırıq. Müraciət çox olur. Amma biz çalışırıq ki, uşaqlar üçün çap olunan hər bir vəsait nə isə öyrətsin, onları mənən  zənginləşdirsin”.

Sorğudan gəldiyim qənaət budur ki, bu sahədə ümumi koordinasiya yoxdur. Belə olduğu halda da uşaq müəllifi dediyimiz məhdud qrupun say sırası da seyrəlir...

Həmidə Nizamiqızı