Bir uzaq dağ kəndini təsəvvür edin. Kənd məktəbində bütün fənn müəllimləri var, bircə musiqi müəllimi yoxdur. Məktəb direktoru Valeh müəllim çox çalışır, nəhayət, məqsədinə çatır. Bakıdan məktəbə cavan musiqi müəllimi göndərirlər. Bütün müəllimlər sözü bir yerə qoyub ipə-sapa yatmayan, məktəbin ən dəcəl sinfi olan V sinfin rəhbərliyinin təzə müəllimə verilməsini istəyirlər...

Yəqin ki, mövzu sizə tanış gəldi. Bəli, söhbət “Musiqi müəllimi” filmindən gedir. Ovaxtkı Mərkəzi Televiziyanın sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Musiqi müəllimi” filminin ekrana çıxmasından qırx il keçir.

Filmin ideyasının üst qatında şagirdlərin həyatına rəng qatan bir müəllimin hünəri görünsə də, əsər çox humanist ideyanı ekrandan tamaşaçıya ötürür: hər insanın, hətta balaca uşağın da xislətini ifadə edə, onu bitkin obraz kimi tanıda biləcək öz musiqisi var. Və bir insanın daxili dünyasındakı harmoniyadan xəbər verən həmin musiqini nə qədər çox adam eşidərsə, dünyamız bir o qədər gözəlləşər.

“Musiqi müəllimi” filmi 15 oktyabr 1983-cü ildə ilk dəfə nümayiş olundu. Filmin ssenari müəllifləri Radi Kuşneroviç, Tofiq İsmayılov, quruluşçu rejissoru Tofiq İsmayılov, quruluşçu operatoru Ələsgər Ələkbərov, quruluşçu rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Tofiq Quliyev, mahnıların mətn müəllifi Onegin Hacıqasımov idi. Filmdə Səyavuş Aslan, Sofa Bəsirzədə, Amaliya Pənahova, Həsən Məmmədov, Əzizağa Qasımov, Ağasadıq Gəraybəyli, Sadıq Hüseynov, İlham Namiq Kamal, Həmidə Ömərova və digər tanınmış aktyorlar çəkilmişdilər. Musiqi müəllimi roluna isə bütün İttifaqda populyar olan müğənni Sərxan Sərxan dəvət edilmişdi. Olsun ki, filmin yaradıcı və inzibati heyəti ünlü ifaçının adının titrlərdə yazılmasının filmə böyük uğur gətirəcəyini düşünürmüşlər. Hərçənd o illərdə postsovet məkanında filmlərin kommersiya uğuru dördüncü-beşinci dərəcəli məsələ sayılırdı.

Hər nədənsə, çox sadə, rahatlıqla baxılan “Musiqi müəllimi” sevildi. Qırx yaşını qeyd edəcək film Azərbaycan tamaşaçısının sevimli filmləri siyahısındadır.

Biz baş rolun ifaçısı, tanınmış müğənni-bəstəkar, ifaçı, Xalq artisti Sərxan Sərxan ilə qırx il öncəyə dönürük.

 

– Bəlkə əvvəlcə filmin yaranma tarixçəsinə nəzər salaq. Nəzərə alsaq ki, “Musiqi müəllimi” filminin çəkilişi sizin populyarlığınızın pik dövrünə təsadüf edir, düşünə bilərik ki, bu filmin ssenarisi məhz sizin üçün yazılıb…

– Yox. “Musiqi müəllimi” filmi Mərkəzi Televiziyanın sifarişi ilə çəkilmişdi. Əslində, ssenari Moskvada təsdiqlənib, sonra Azərbaycana göndərilmişdi ki, burada çəkilsin. Ssenari müəllifi də heç kəsin tanımadığı bir nəfər idi. Ssenarini rejissor Tofiq İsmayılova verəndə o, baş rola məni çəkmək istədiyini bildirmişdi.  Amma biz tanış deyildik, mən də o illərdə Moskvada yaşayırdım. Moskvada ssenarini mənə verəndə oxudum, xoşuma gəlmədi. Çox bəsit idi, adı da rus dilində “Truba zovet” idi. Heç belə də film adı olar?

 

– Azərbaycan dilində “Truba səsləyir”. Sovetləşmənin ilk illərindəki tənqid-təbliğ teatr tamaşalarının adına oxşayır…

– Elədir. Düzü, filmə çəkilməyə həvəsim də yox idi. Heç cür təsəvvür edə bilmirdim ki, kino kamerasının qarşısında özümü necə aparmalıyam. Mənimki səhnə idi: tamaşaçıların qarşısına çıxıb gitara çalım, mahnı oxuyum…

 

– Amma hər necə oldusa, sizi razı sala bildilər…

– Konsertlərlə bağlı dostum, nəğməkar şair Onegin Hacıqasımov ilə Bakıda olanda Tofiq Quliyev bizi çay içməyə dəvət etdi. Demə, filmin musiqisini isə Tofiq Quliyev yazmalıydı. Rejissor adaşı bəstəkardan məni tapıb razı salmağı xahiş etmişdi. Tofiq Quliyevin dəvətini yerə sala bilməzdim. Yaradıcılıqdan, musiqidən gedən söhbətimiz keçdi ssenariyə. Mən də iradlarımı bildirdim. Dedim ki, adından xoşum gəlmir, ssenari də zəifdir. Tofiq Quliyevin israrından sonra, şərt qoydum: filmin adını dəyişsələr, Onegin ssenariyə əl gəzdirsə, çəkilərəm. Tofiq Quliyev çox demokratik insan idi. Mənə dedi ki, sən də mahnı yazırsan. Xoşuna gələn mahnı mətnlərini seç, musiqisini bəstələ. Onegin Hacıqasımovun yazdığı bütün mahnı mətnləri gözəldir. İki mətnin – sinifdə oxuduğum və sevgilim Şəfiqəyə həsr etdiyim mahnının musiqisini mən yazdım. Sonradan “Çinar yarpağı” mahnısı çox məşhurlaşdı. Əslində, o mahnının iki müəllifi var: Tofiq Quliyev və mən. Mən qırx ildir ki, “Çinar yarpağı” mahnısını konsertlərimdə oxuyuram. 

 

– Sərxan müəllim, təxminən iyirmi il olar ki, musiqi aləmində klip anlayışı var. Bu, müğənnilərdə kamera qarşısında davranmaq, kino dili ilə desək, kameraya işləmək vərdişi yaradır. Çox vaxt müğənni öz klipində obraza da girir, mahnı oxumaqla kifayətlənmir. Amma qırx il əvvəl…

– Biz heç bilmirdik ki, klip nədir, o necə olur?!  Tofiq İsmayılov çox gözəl sənətkar idi, savadlı, işini hərtərəfli bilən rejissor idi. Mənim rolumun alınması üçün çox əziyyət çəkmişdi. Hər epizodu məşq edirdik, mənə izah edirdi. Hətta bir neçə dəfə çəkilişi yarımçıq saxlayıb deyirdi ki, sən burada müəllimsən, müğənni deyilsən. Çox gözəl yaradıcı heyəti var idi “Musiqi müəllimi” filminin. Qırx il keçib həmin vaxtdan. Filmdə necə oynamışam, obraz yarada bilmişəm, ya yox – bunu tamaşaçı deyə bilər.

***

Sərxan Sərxanla söhbətimiz zamanı müsahibim təklif etdi ki, “Musiqi müəllimi” filmində uşaq rollarını ifa etmiş şəxslərlə də görüşüm. Dedim ki, onlardan birini – Teymur rolunda çəkilmiş oğlanı tapmışam. Sərxan müəllim heç fikirləşmədən “Teymur hansıdır? O pis oğlan?” deyə maraqlandı. “Musiqi müəllimi”ndəki pis uşaq kimi yaddaşlarda, amma tanıdığım yaxşı oğlanlardan biri – hazırda “Azərbaycanfilm”də icraçı prodüser olaraq çalışan Ülvi Qasımov qırx il öncəki xatirələrini bizimlə bölüşür:

– Rejissor Tofiq İsmayılovla tanışlığım ağlım kəsməyəndən başlayıb. 1969-cu ildə Tofiq müəllim diplom işi olan “İntizar” filmini çəkəndə məni, üçaylıq körpə ikən baş qəhrəmanın – Şahmar Ələkbərovun oğlu roluna çəkib. 1976-77-ci illərdə isə onun lentə aldığı “Vulkana doğru” üçseriyalı bədii televiziya filmində yenə də baş qəhrəman – Rasim Balayevin oğlu rolunda çəkdi.

 

– Deməli, “Musiqi müəllimi” filmində çəkilməyiniz təsadüfi deyildi…

– Həm siz deyəndir, həm də yox. Tofiq müəllim mənə demişdi ki, sınaq çəkilişləri vaxtı mənim tapşırığımı yerinə yetir ki, səni böyük rola çəkə bilim. O zaman həqiqətən çox ciddi kastinq keçirildi. Foto, kino sınaqlarda xeyli uşaq iştirak etmişdi.

Nəhayət, günlərin bir günü filmə təsdiq olunan uşaqları çağırdılar və Tofiq müəllim rol bölgüsü apardı. Bölgüdən əvvəl Tofiq müəllim bütün uşaqlarla söhbət etdi, kimin necə oxumağı, ictimai işlərdə çalışmağı, gələcəkdə kim olmaq istədiyini soruşdu. Mənə növbə çatanda dedim ki, məktəbdə pioner təşkilatının fəalı, dəstə şurasının sədriyəm. Bunu eşidəndə Tofiq müəllim dedi ki, bax, mənə elə sənin kimi uşaq lazımdır. Səni xuliqan roluna çəkəcəyəm.

 

– Xuliqan demişkən, filmdəki başabəla V sinfin uşaqları çəkiliş zamanı dəcəllik etmirdilər ki?

– Dəcəllik deyəndə ki  (gülür), sinif otağının çəkilişləri “Azərbaycanfilm”in pavilyonunda aparılırdı. Dekorasiyalardan sinif otağı qurulmuşdu. O illərin uşaqlarının ən sevimli oyunu da gizlənqaç, ya da qaçdı-tutdu idi. Bir dəfə qısa fasilə zamanı başladıq qaçdı-tutdu oynamağa. Necə oldusa, uşaqlardan biri qaçanda ayağı dekorasiyanın dirəyinə ilişdi və… sinfin bir divarı uçdu!... Çəkilişə böyük fasilə verildi. O zaman Tofiq müəllim yaman hirslənmişdi. 

 

– Deməli, çəkilişdə darıxmırdınız…

– O zaman ən xoşumuza gələn cəhət kinostudiyanın verdiyi məktub əsasında dərsdən azad edilmək idi. Amma bu gün “Musiqi müəllimi” filminin çəkilişlərini xatırlayanda anlayıram ki, çəkiliş qrupu nə qədər əziyyətə qatlaşıb. Bilirsiniz, uşaqlarla filmdə işləmək çox çətindir. Uşaq peşəkar aktyor deyil, rejissorun, operatorun nə istədiyini, kadrların niyə bir neçə dəfə təkrar çəkildiyini anlamır və yorulur. Tofiq müəllim isə hər səhnəni bizdən istədiyini alana qədər bir neçə dubl təkrar edirdi.

 

– Filmin çəkilişi başa çatdı, montaj olundu və Mərkəzi Televiziya ilə ilk dəfə göstərildi.  “Musiqi müəllimi” filmi 14 yaşlı Ülvinin həyatında nəyi dəyişdi?

– Bir gündə necə populyar olduğumu söz ilə ifadə edə bilmirəm. Mən 164 nömrəli məktəbdə təhsil alırdım. Bizim məktəbin yaxınlığında da bir neçə məktəb yerləşirdi. Uşaqlar dəstə ilə gəlib mənimlə tanış olurdular. Hətta küçədə gedəndə balacalar bax, kinodakı dəcəl oğlan, müəllimi incidən oğlan deyərək məni barmaqla göstərirdilər.

 

– Bir sözlə, əsl ulduz həyatı yaşayırdınız…

– Bir müddət elə oldu. Bir neçə il keçdi, orta məktəbi bitirib indiki Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı rejissorluğu ixtisasına qəbul olundum. Birinci kursdan sonra hərbi xidmətə çağırıldım. İki ildən sonra yenidən universitetə qayıdanda xoş bir sürprizlə qarşılaşdım. Mənim ixtisas müəllimim, kurs rəhbərim Tofiq İsmayılov olacaqdı. İlk görüşümüzdə Tofiq müəllim dedi: “Axır ki, biz tamam başqa müstəvidə görüşdük. İnanıram ki, sən mənim ən yaxşı tələbələrimdən olacaqsan. Özün yaradıcı ailədə böyümüsən, kino təcrübən də var”. Düzü, mən kino rejissoru olmaq istəyirdim, teatr məni o qədər də maraqlandırmırdı. Tofiq müəllim dedi ki, təhsilini başa vur, səni Moskvaya kino rejissorluğu üzrə təhsil almağa göndərərik.

 

– Bakıda universiteti neçənci ildə bitirdiniz?

– 1993-cü ildə. Artıq SSRİ dağılmışdı, Qarabağ müharibəsi başlamışdı. Ölkənin ictimai-siyasi mühitində baş verənlər o dövrün gənclərinin çox arzusunun üstündən xətt çəkdi. Mən təhsilimi davam etdirmədim, amma kinodan da ayrılmadım.

***

…Yaxşı roman, yaxşı musiqi əsəri, yaxşı film həmişə öz yaradıcılarından uzunömürlü olur. Aradan keçən qırx il “Musiqi müəllimi” filminin yaradıcı heyətinin siyahısını xeyli seyrəldib. Elə bu filmi ilk dəfə izləyən tamaşaçıların da çoxu həyatda yoxdur. Olsun, həyat yolunun pozulmaz qaydası belədir. Təki sənət və gözəl sənət nümunələri yaşasın.

40 yaşın mübarək, “Musiqi müəllimi”!

Gülcahan Mirməmməd