Təxminən 2,6 milyard insanın, dünya əhalisinin 33 faizinin hələ də internetə çıxışı yoxdur. Bu barədə BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatında deyilir.
Məlumatda dünyada internetə qoşulmayanların sayının ildən-ilə azaldığı bildirilir. İinternetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. 2022-ci ildə bu tip ölkələrdə internet istifadəçilərinin sayı 17 faiz artıb. Buna baxmayaraq, bu ölkələrdə hələ də əhalinin yalnız üçdəbiri internet istifadəçisidir.
Qeyd edək ki, rəqəmsal texnologiyalar BMT-nin 2030 – Dayanıqlı İnkişaf Məqsədlərinin istiqamətlərindən biridir.
“Unutmamalıyıq ki, bu məlumatların arxasında internetə daxil ola bilməyən və rəqəmsal transformasiya dövründə internetin təmin edə biləcəyi kritik üstünlüklərdən faydalana bilməyən insanlar dayanır”, – deyə BTİ Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakisan Zavazava bildirib.