15 minə yaxın sənətçi və 3 mindən çox tədbir...
Sentyabrın 16-dan oktyabrın 23-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkənin beş şəhərini əhatə edən “Türkiyə Mədəniyyət Yolu Festivalları” adlı irimiqyaslı layihə həyata keçiriləcək. 2021-ci ildə ilk dəfə İstanbulda “Beyoğlu Mədəniyyət Yolu Festivalı” ilə əsası qoyulan, 2022-ci ildə Ankara, Çanaqqala, Diyarbəkir, Konya və Nevşehirdə keçirilən layihə bu il – Türkiyə Cümhuriyyətinin 100-cü ilində xüsusilə geniş formatda təşkil edilib.
Layihənin məqsədi Türkiyənin zəngin mədəni irsini, incəsənətini, hər bölgəsində özünəməxsusluğu ilə seçilən kulinariyasını, tarixi abidlərini – bir sözlə, rəngarəng mədəniyyət və turizm palitrasını dünyaya daha dolğun şəkildə tanıtmaq və təbliğ etməkdir. Bu dəfə “Türkiyə Mədəniyyət Yolu Festivalları” beş şəhərə yayılacaq: İstanbul, Ankara, Çanaqqala, Konya və Diyarbəkirdə yüzlərlə tədbir nəzərdə tutulub.
Əslində, bu il “Türkiyə Mədəniyyət Yolu Festivalları”nın marşrutu ümumilikdə 11 şəhər-vilayəti əhatə etməli idi, o cümlədən zəngin mətbəx mədəniyyəti ilə tanınan və bu özəlliyi ilə UNESCO-nun siyahısına düşən Qaziantepdə də keçirilməli idi. Lakin fevralın 6-da baş verən və Qaziantep vilayətində də böyük tələfat-dağıntı törədən zəlzələ və fəlakətin ümumilikdə ölkə miqyasında fəsadları layihənin marşrutlarına, zaman-məkan proqramına dəyişikliklər etdi. Bununla belə, daha öncə nəzərdə tutulan bir neçə şəhərdə (o cümlədən avqustda Trabzon və Nevşehirdə) layihə çərçivəsində tədbirlər təşkil edilib.
16 sentyabr – 23 oktyabrda beş şəhəri əhatə edəcək “Türkiyə Mədəniyyət Yolu Festivalları”nın proqramı isə indiyədək ölkə tarixində görünməmiş ölçüdədir.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy layihənin başlanmasına həsr olunmuş mətbuat konfransında bu barədə ətraflı məlumat verib.
Mədəniyyət və incəsənətin qovuşduğu festivalların özünəməxsus marşrutlar üzrə təşkil edildiyini bildirən nazir bu dəfə 5 şəhər-vilayətdə silsilə tədbirlərlə bənzərsiz bir mədəniyyət və sənət təcrübəsi təqdim edəcəklərini deyib. “Türkiyə Mədəniyyət Yolu Festivalları” günlərində incəsənətdən kinoya, ədəbiyyatdan rəqsə, musiqidən rəqəmsal incəsənətə qədər ümumilikdə 15 minə yaxın sənətçi 3 mindən çox tədbirdə iştirak edəcək. Ölkəmizin mədəni irsini dünya vitrininə çıxarmaq məqsədilə təşkil edilən “Türkiyə Mədəniyyət Yolu Festivalları” ilə şəhərlərimizin mədəni marşrutlarını inkişaf etdirməklə yanaşı, mədəniyyət və incəsənəti hər kəs üçün əlçatan edirik”, – deyə Mehmet Nuri Ersoy bildirib.
“Türkiyə Mədəniyyət Yolu Festivalları”nın budəfəki marşrutu Çanaqqaladan başlayacaq. 16-25 sentyabr tarixlərində Çanaqqalada keçiriləcək Troya Mədəniyyət Yolu Festivalı 40 məkanda sərgilər, konsertlər, söhbətlər və seminarlardan ibarət 100-dən çox tədbiri əhatə edəcək.
Layihənin növbəti ünvanı dünyada mistik musiqinin görüşmə nöqtəsi Konya olacaq. Burada silsilə tədbirlər sentyabrın 22-dən 30-dək keçiriləcək. Bu sıraya 19-cu Beynəlxalq Konya Mistik Musiqi Festivalı da daxildir. Bu il Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 815-ci ildönümünə həsr olunan festivalda Türkiyə, Azərbaycan, İspaniya, Misir, Almaniya, Özbəkistan, Hindistan və İrandan musiqiçilər çıxış edəcəklər.
Festivallar coşqusu daha sonra eyni vaxtda – 1-23 oktyabr tarixlərində İstanbulda və Ankarada davam edəcək. İstanbulda Beyoğlu Mədəniyyət Yolu Festivalında 46 fərqli məkanda 6000-dən çox sənətçi 1000-dən çox tədbirdə sənətsevərlərlə görüşəcək. Ankaranın Ulus rayonunda isə 70 fərqli məkanda 5000-ə yaxın sənətçinin iştirakı ilə 500-dən çox tədbirin keçiriləcəyi gözlənilir.
8-16 oktyabr tarixlərində Diyarbəkirdə Sur Mədəniyyət Yolu Festivalında 2000-dən çox sənətçi və 500-dən çox tədbir Türkiyənin mədəniyyət və sənət zənginliyini bu bölgədən dünyaya yayacaq.
Nazir Mehmet Nuri Ersoy onu da diqqətə çatdırıb ki, bu tədbirlərə müxtəlif ölkələrdən mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, media mənsubları da qatılacaq. 2021-ci ildə 29 ölkədən, 2022-ci ildə 31 ölkədən media mənsublarını qonaq etmişdik. Bu il onların sırası daha geniş olacaq. “Türkiyə Mədəniyyət Yolu Festivalları” ilə əldə etdiyimiz bu qazanc əvəzsizdir...”
Nazir gələn il bu festivallara İzmir və Adana şəhərlərinin də qatılacağını deyib: “Türkiyə Mədəniyyət Yolu Festivalları”nı hər il genişləndirməyə davam etmək və bunu ənənəvi hala gətirməkdə qərarlıyıq”.
V.Kamal