Ağalıya və Füzuliyə növbəti köç karvanları gedib...

 

Sentyabrın 13-də Bakı şəhərindən Zəngilan rayonunun Ağalı kəndinə 25 ailədən (123 nəfər) ibarət növbəti köç karvanı gedib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən qarşılanan ailələrə mənzillərin açarı təqdim edilib. Bununla da Böyük Qayıdış proqramı çərçivəsində Ağalı kəndində məskunlaşan ailə sayı 133-ə (649 nəfər) çatıb.

Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Kənddə bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri var. Ağalıya növbəti ailələrin köçürülməsinə də hazırlıq görülür.

***

Sentyabrın 11-də isə paytaxtın Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə (92 nəfər) köçürülüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Ailələr Füzuli şəhərində yeni tikilən yaşayış kompleksində məskunlaşıblar. Burada indiyədək ümumilikdə 119 ailənin (441 nəfər) daimi məskunlaşması təmin edilib.