Ankaranın Etimesqut Bələdiyyəsinin bu il 25-ci dəfə keçirdiyi “Beynəlxalq Anadolu Günləri”ndə ölkəmiz də təmsil olunub. Türkdilli ölkələrin mədəniyyət nümayəndələrinin iştirak etdiyi sənət festivalına Etimesqut Bələdiyyəsi ilə 2011-ci ildə qardaşlıq protokolu imzalayan Şirvan şəhərinin nümayəndə heyəti də qatılıb.

Respublikamızın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova və Şirvan şəhərinin incəsənət nümayəndələri xalq rəqsləri və musiqili proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı əks etdirən eksponatlar və milli mətbəx nümunələrimiz nümayiş olunub.

Etimesqut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək bu cür festivalların türkdilli xalqların bir-birinin zəngin mədəniyyətini daha yaxşı tanıması baxımından əhəmiyyətini vurğulayıblar.