İstanbulda keçirilən tədbirə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da dəstək verir

 

11-15 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Səs və Audiovizual Arxivlər Assosiasiyasının (IASA) 54-cü Konfransı və  UNESCO yanında məşvərətçi qurum olan Beynəlxalq Ənənəvi Musiqi Şurasının (ICTM) 4-cü forumu keçirilir.

“Audiovizual və əlaqəli irsin qorunması və əməkdaşlıq” mövzusunda tədbirə İstanbul Universitetinin Dövlət Konservatoriyası ev sahibliyi edir. Tədbirin əsas dəstəkçilərindən biri kimi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu çıxış edir.

Fonddan bildirilib ki, tədbirlərin açılış mərasimində İstanbul Universiteti Dövlət Konservatoriyasının rektoru Şebnem Ünal, IASA-nın rəhbəri Tre Berney, Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Fahri Solak, TÜRKSOY-un sabiq baş katibi Düsen Kaseinov çıxış ediblər. Qloballaşan dünyada bəşəri sivilizasiyanı zənginləşdirən müxtəlif xalqlara məxsus mədəni irsin yaşadılmasının önəmindən bəhs olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Ləman Ağagülova qurumun prezidenti Günay Əfəndiyevanın adından iştirakçıları salamlayıb. O, türk xalqlarının zəngin milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və geniş miqyasda tanıdılması üzrə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən söz açıb. Bu tip tədbirlərə dəstək verilməsinin təşkilatın əsas vəzifələrindən olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycandan Səbinə Ərəbli (xanəndə), Rəşad İbrahimov (tar), Təbriz Yusubov (kamança) və Siyavuş Kərimov (nağara), Qazaxıstandan Kairat Aitbayev, Yerlan Ryskali, Raushan Urazbayeva, Yernar Omirali və Qırğızıstandan Roza Amanovanın ifalarında Türk dünyasının musiqi əsərləri səsləndirilib. Türkiyənin “İrfan və meydan məşqləri”, “Dövlət xalq rəqsləri” ansamblları türk xalqlarının rəqslərini nümayiş etdirib.