Azərbaycan Prezidenti ilk dəfə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edib

 

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni-coğrafi regiondur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkistanda, üçüncüsü Türkmənistanda, dördüncüsü Qırğızıstanda keçirilib. Bu il növbəti yüksək toplantıya Tacikistan ev sahibliyi edib.

Tacikistanın dövlət başçısı Emoməli Rəhmonun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev görüşə fəxri qonaq qismində qatılıb.

Görüşdən öncə altı dövlət başçısı birgə xatirə fotosu çəkdiriblər.

Görüşü ev sahibi Tacikistan Prezidenti Emoməli Rəhmon açıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbirdə çıxış ediblər.

Sonra çıxış üçün söz Azərbaycanın dövlət başçısına verilib.

Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan rəhbərinə təşəkkür edən Prezident İlham Əliyev eyni zamanda bu tədbirdə Azərbaycanın iştirakına verdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.

Prezident diqqətə çatdırıb ki, bu il qardaş Tacikistana ikinci dəfə səfər edir: “Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü (9 sentyabr – red.) münasibətilə təbrik etmək istəyirəm.

Məşvərət Şurasının işində ilk dəfə iştirak etdiyini deyən İlham Əliyev əmin olduğunu  bildirib ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq.

“Son iki il ərzində mən Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək” deyən İlham Əliyev qeyd edib ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb.

Prezident daha sonra deyib: “Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.

Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

Dövlət başçısı qeyd edib ki, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir: “Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir”.

İlham Əliyev çıxışının sonunda diqqətə çatdırıb ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur və Azərbaycan bununla bağlı sammitə ev sahibliyi edəcək: “Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram”.

Prezident həmkarlarına bir daha təşəkkürünü bildirib və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edib.

***

Sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq axşamı” adlı konsert proqramı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.

Dövlət başçıları Düşənbədəki “EKSPO Mərkəzi Asiya – 2023” sərgisi ilə də tanış olublar.