15 sentyabr ölkəmizdə yeni tədris ilinin başlanğıcı – Bilik Günüdür. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik Günü” kimi təqvimimizə daxil olub.

2023/2024-cü tədris ilinin birinci günündə ümumtəhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. 

Artıq ikinci ildir Bilik Günü işğaldan azad olunmuş ərazilərimizdə də qeyd olunur. Ötən il Zəngilan rayonunun Ağalı kənd məktəbində ilk zəng çalınmışdı. Bu il ilk dərslərin başlayacağı azad yurdlarımızın sırasına Füzuli və Laçın şəhərləri, Tərtər rayonunun Talış, Laçının Zabux kəndləri də qoşulub.

Bu gün eyni zamanda ölkəmizdəki bədii təhsil ocaqlarında da tədris başlanır.

Bütün şagird və tələbələrimizi Bilik Günü münasibətilə təbrik edir, elmin ziyası ilə işıqlanmalarını arzulayırıq. Bayramınız mübarək!