Xəbər verdiyimiz kimi, 10-25 sentyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası keçirilir. Sessiyada ölkəmiz də təmsil olunur.

 

İslam Əməkdaşlıq Təşkilatında görüş

 

Sentyabrın 14-də Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri başlayıb.

Səfərin ilk günündə nümayəndə heyəti Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərargahında qurumun baş katibinin mədəniyyət və sosial məsələlər üzrə müavini Tariq Bakit ilə görüşüb.

Qonaqları səmimi salamlayan Tariq Bakit İƏT-lə Azərbaycan arasında münasibətlərin səviyyəsindən və ölkəmizin beynəlxalq nüfuzunun artmasından məmnunluğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Səadət Yusifova ölkəmizin İƏT-lə münasibətlərə önəm verdiyini deyib. Qeyd olunub ki, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu müddətdə İƏT daim ölkəmizin haqlı mövqeyini dəstəkləyib.

Nazir müavini hazırda Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük yenidənqurma işləri barədə məlumat verib, tarixi-mədəni irsin də bərpasına diqqət yetirildiyini bildirib.

Görüşdə həmçinin “Bakı Prosesi” çərçivəsində ölkəmizdə keçirilən ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumu ətrafında fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Dünya İrs Komitəsinin 45-ci sessiyası davam edir

 

Həmin gün Ər-Riyad şəhərinə gələn Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyasına qatılıb.

Sessiyada ötən dövr ərzində Dünya İrs Komitəsinin fəaliyyətinə nəzər salınacaq, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan ərazilərin konservasiya vəziyyətinin qiymətləndirilməsi müzakirə olunacaq, təklif olunan yeni nominasiyalar qiymətləndiriləcək.

Xatırladaq ki, Azərbaycandan üç mədəni irs məkanı –  İçərişəhər, Qobustan qoruğu və Şəki Xan sarayı ilə birgə şəhərin tarixi mərkəzi hazırda Dünya İrsi Siyahısındadır. Ümumilikdə dünya üzrə siyahıya 1157 obyekt daxildir. Ər-Riyad şəhərində keçirilən sessiyada daha 50 nominasiya faylına baxılacaq.

Onların arasında Azərbaycanın təqdim etdiyi “Xınalıq xalqının mədəni landşaftı və “Köç yolu” yaylaq marşrutu”, həmçinin Azərbaycanla İranın birgə təqdimatı olan “Hirkan meşələri” nominasiyaları da var.