Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Almaniyanın Dortmund Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən pilot tədris həftəsində iştirak ediblər.

“WORK4CE” layihəsi çərçivəsində keçirilən pilot tədris həftəsinə AzMİU-nun İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Famil Hümbətov, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi Kənan Həsənov və tələbələr qatılıblar.

Bu barədə AzMİU-dan bildirilib. Qeyd olunub ki, AzMİU-nun müəllimləri “M06 – Safework Places” və “M09 – Developing Digital Business Ecosystem” modulları üzrə tələbələrə mühazirə oxuyublar. AzMİU-nun tələbələri isə keçirilən dərslər üzrə digər universitet tələbələri ilə birgə qrup işləri yerinə yetiriblər. Beş gün davam edən dərs həftəsində layihənin digər beynəlxalq iştirakçıları da çıxış ediblər. Layihə haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

Qeyd edək ki, pilot tədris həftəsi layihəsinin 1 həftəsi ənənəvi, 1 həftəsi isə onlayn formada keçirilir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə üzv olan ölkələr - Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir.