Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdullanın ideyası ilə həyata keçirilən layihə əsasında universitetin əməkdaşlıq etdiyi xarici ölkələrin tədris ocaqlarında Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılır. Növbəti, sayca səkkizinci belə mərkəz Minsk Dövlət Linqvistik Universitetində (MDLU) təşkil edilib.

Sentyabrın 13-də ADU-nun rektoru akademik Kamal Abdulla və MDLU-nun rektoru professor Natalya Laptevanın birgə təşəbbüsü və ölkəmizin Belarusdakı səfirliyinin iştirakı ilə yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılış mərasimi olub.

Tədbiri MDLU-nun rektoru Natalya Lapteva açıb.

Akademik Kamal Abdulla iştirakçıları salamlayaraq Azərbaycan dili və mədəniyyəti mərkəzini universitetlərin elmi-pedaqoji fəaliyyətində əhəmiyyət kəsb edəcəyini, həmçinin iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığına töhfə olduğunu bildirib.

Belarus Respublikası Təhsil Nazirliyinin idarə rəisi Sergey Pişov, Xarici İşlər Nazirliyinin idarə rəisi Sergey Molunov, Azərbaycanın Belarusdakı Səfirliyinin müşaviri Nizami Rüstəmov, Belarus Respublikası Parlamentinin deputatı, Belarus Dövlət Universitetinin professoru Andrey Rusakoviç, digər çıxış edənlər də mərkəzin açılmasının əhəmiyyətindən bəhs edib, hər iki universitetin rektorlarına minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimindən sonra MDLU-da Ulu öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masanın moderatorları akademik Kamal Abdulla və professor Natalya Lapteva giriş nitqində iki ölkə arasında əlaqələrin tarixi və ənənələrindən bəhs ediblər.

Belarus Dövlət Universitetinin professorları Andrey Rusakoviç, Vasiliy Stariçyenok, MDLU-nun dosentləri Vladimir Paşkeviç, Nikolay Baranov, Olqa Qutko Azərbaycan və Belarus arasındakı iqtisadi, siyasi əlaqələr, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıqdan və eləcə də Azərbaycan dövlətinin multikulturalizm siyasətindən bəhs ediblər.