Bu gün görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Yusif qızı Səfərovanın (1934–1997) anadan olmasının 89-cu ildönümüdür.

O, 16 sentyabr 1934-cü ildə məşhur mühəndis-neftçi, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərovun ailəsində doğulub. Atası neft sahəsində çalışsa da, incəsənəti, xüsusən musiqini çox sevib. Anası Cəvahir gözəl səsə və musiqi istedadına malik olub. Gənc yaşlarında Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi xorda oxuyub, solist kimi konsertlərdə çıxış edib.

Elmira uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan dərs alıb. İllər sonra müsahibələrinin birində demişdi: “Gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdı. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim...”.

Elmira Səfərova məktəbi başa vurduqdan sonra 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur, professor M.Brennerin sinfində təhsil alır. Tələbəlik illərində istedadlı pianoçu kimi tanınır, konsertlərdə çıxış edir. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimlik fəaliyyətinə başlayan Elmira Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə yüksək səviyyəli peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub. Həmçinin konservatoriyada respublikanın musiqi məktəb müəllimləri üçün ixtisasartırma kurslarında metodiki işlər və mühazirələr aparırdı, bir sıra metodik vəsaitlərin, elmi məqalələrin müəllifidir.

Pedaqoji fəaliyyəti ilə yanaşı konsertlərdə də solo və ansambl ifaçısı kimi çıxış edirdi. Mütəmadi olaraq keçirdiyi tematik açıq sinif konsertləri də böyük marağa səbəb olurdu. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı da Elmira xanımın bu sahədə mühüm xidməti idi.

O deyirdi: "Müəllim üçün öz yetirmələrinin müvəffəqiyyətini görmək, onların həyatda özlərinə necə möhkəm yer tutduqlarının şahidi olmaq böyük xoşbəxtlikdir. Mən də özümü belə xoşbəxtlərdən biri sayıram...".

1997-ci ildə dünyasını dəyişən Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər. Yüksək insani keyfiyyətlərə malik görkəmli musiqi xadimi, qayğıkeş müəllim Elmira Səfərovanın əziz xatirəsi onu tanıyanların, yetirmələrinin qəlbində və mədəniyyət tariximizdə yaşayır.