Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

ATMU-dan bildirilib ki, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra rektor İlham Mədətov Bilik Günü münasibətilə tələbələri təbrik edib və onlara uğurlar arzulayıb. Universitetin fəaliyyəti dövründə bir sıra nailiyyətlərə imza atdığını qeyd edən İ.Mədətov davamlı iqtisadi islahatlar sayəsində ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində diqqətçəkən addımlar atıldığını, təhsil sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, bunu təhsilə və təhsil işində aparıcı sima sayılan müəllimlərə hörmət və ehtiramın göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edib. ATMU tələbələri ilə görüşündən məmnunluğunu bildirən Agentlik rəsmisi diqqətə çatdırıb ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. Danılmaz faktdır ki, insanın dünyagörüşünün formalaşmasında turizmin təsiri böyükdür. Deyilən fikirlər birmənalı olaraq turizm sənayesində ixtisaslı və peşəkar kadrlara ehtiyacdan xəbər verir.

“Məsləhətim budur ki, Agentliyin strukturunda fəaliyyət göstərən ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanaraq çalışqan tələbələrdən olun. Unutmayın ki, Azərbaycanda hər zaman yüksəkixtisaslı və peşəkar kadrlara ehtiyac var”, - deyə M.Muradov bildirib.

Turizm və qonaqpərvərlik fakültəsinə ən yüksək balla qəbul olmuş Fidan İsrafilova sevincini tədbir iştirakçıları ilə bölüşüb və tələbə yoldaşlarına uğurlar arzulayıb.

Tədbirin sonunda 2023/2024-cü tədris ilində ATMU-ya yüksək balla qəbul olmuş tələbələrə gül dəstələri təqdim edilib.