Sentyabrın 14-də Özbəkistan Rəssamlıq Akademiyasının “Akademiya” qalereyasında Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə tanınmış rəssam, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici üzvü Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da inkişafına xidmət məqsədilə təşkil olunub. Sərgidə rəssamın ilk yaradıcılıq illərindən başlayaraq bu günümüzədək ərsəyə gətirdiyi əsərlərindən 40-a yaxını nümayiş olunur.

Vernisajın açılışını edən Özbəkistanın Xalq rəssamı Akmal Nur belə mötəbər sərginin ərsəyə gəlməsi münasibətilə göstərdikləri köməyə görə Azərbaycanın Özbəkistandakı Səfirliyinə və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Akmal Nur özbək sənətsevərlərini Azərbaycan rəssamlığı ilə yaxından tanış olmağa dəvət edərək, qarşıdan gələn növbəti illərdə də özbək rəssamlarının sərgilərinin Azərbaycanda da keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

Kökləri XIV əsrdən qurulan Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq əlaqələrindən bəhs edərək, çıxışı davam etdirən, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev hərtərəfli tərəfdaşlığın inkişafında hər iki ölkə liderlərinin mühüm səylərindən söz açıb.

Çıxışı davam etdirən Azərbaycan Respublikasının Xalq rəssamı Səlhab Məmmədov Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən möhkəmlənən mehriban dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. O, Çingiz Fərzəliyevi sərginin açılışı münasibətilə təbrik edərək, tədbirin təşkilinə görə Özbəkistan Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib, hər iki ölkənin incəsənət xadimlərinin xalqlar arasındakı dostluğunun bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib. Səlhab Məmmədov, həmçinin Çingiz Fərzəliyevin yaradıcılığına toxunaraq, rəssamın zərif duyum və parlaq ruhundan süzülən istedadının əks olunduğu əsərlərə heyranlığını vurğulayıb.

Azərbaycandan gələn qonaqları salamlayan Özbəkistan rəssamları sərginin açılışı münasibətilə sevinc hissi keçirdiklərini və bu tədbirin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə və səmərəli münasibətin açarına çevriləcəyinə əminliklərini ifadə ediblər. Çingiz Fərzəliyevin daxili dünyasının dərinliyini əks etdirən sərgi, eyni zamanda Özbəkistan və Azərbaycan arasında qurulan mədəni əlaqələrin bariz ifadəsidir.

Çingiz Fərzəliyevin sənəti təsirli mənzərələri, natürmortları və zəngin fəlsəfi məzmunu ilə tanınır. Akademiyanın qalereyasında təqdim olunan “Sevinc piyaləsi” sərgisi tamaşaçı üçün Çingiz Fərzəliyevin uzunmüddətli yaradıcılıq yolunu müşahidə etmək və zövq almaq üçün unikal imkan yaradır. Bundan əlavə, bu sərgi rəssamın yaradıcılığının əyani təcəssümüdür.

Layihənin koordinatoru Könül Rəfiyevadır.