Sentyabrın 15-də Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan da daxil olmaqla, ümumilikdə 30 ölkənin nümayəndələrinin iştirak etdiyi Qazaxıstan Turizm İnkişaf Forumu işinə başlayıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, forumda ölkəmizi Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə və Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarlar və işgüzar tədbirlər departamentinin rəhbəri Sevda Əliyeva təmsil edib.

Səfər zamanı bir sıra iştirakçı ölkələrin təmsilçiləri, Qazaxıstanın yeni təsis edilmiş Turizm və İdman Nazirliyi, Qazaxıstan Turizm Assosiasiyası (KTA) və turizm şirkətləri nümayəndələri ilə bir sıra görüşlər keçirilib.

Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı vəzifəsini icra edən Elçin Məmmədov da iştirak edib.

Forum çərçivəsində çıxış edən Sevda Əliyeva Azərbaycan turizminin brendinq və marketinq siyasətinin təqdimatını keçirərək, iştirakçıları Azərbaycana turistlərin cəlb olunması təcrübəsi, eləcə də işgüzar tədbirlər sənayesinin cari vəziyyəti haqqında məlumatlandırıb.

Tədbirdə Qazaxıstanın müxtəlif dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, ötən il Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı 30 350 nəfər olub ki, 2023-cü ilin ilk səkkiz ayı üzrə bu rəqəm 35 471 nəfər təşkil edib.

Qazaxıstan vətəndaşları Azərbaycana səfər edən əcnəbilər sırasında ilk onluqda qərarlaşırlar.