AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “XX əsrin əvvəllərində özbək ədəbiyyatında cədidizm (Əbdürrauf Fitrətin yaradıcılığı əsasında)” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya XX əsrin əvvəllərində özbək maarifçi fikrinin formalaşmasında mühüm rol oynamış, “cədidçilik” (yenilikçi) hərəkatının əsas nümayəndələrindən Əbdürrauf Fitrət (1886-1938) və onun müasirlərinə həsr edilib. Nəsr, dramaturgiya, poeziya və publisistikada dəyərli əsərlər yazaraq təkcə özbək ədəbi fikrində deyil, ümumilikdə Türk dünyasının maarifçi düşüncəsinin inkişafında müstəsna xidmətlər göstərmiş Ə.Fitrətin çoxcəhətli yaradıcılığı geniş araşdırılıb. Elmi redaktoru filologiya elmləri doktoru, dosent Almaz Ülvi Binnətova olan monoqrafiyada Ə.Fitrətin yaradıcılığı kontekstində həm də özbək dramaturgiyasının və romançılığının yaranması, poeziyada və publisistikada cədid ideyalarının təbliği məsələləri tədqiq edilib.