Azərbaycanın Hirkan meşələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bu barədə qərar sentyabrın 17-də UNESCO-nun Dünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən (10-25 sentyabr) 45-ci sessiyasında qəbul olunub.

Xəbər verdiyimiz kimi, sessiyada ölkəmiz mədəniyyət nazirinin müavini Səadət Yusifovanın da yer aldığı nümayəndə heyəti ilə təmsil olunur.

Hirkan meşələri Azərbaycanın Dünya İrs Siyahısına daxil edilən ilk təbiət abidəsidir. Bunadək Azərbaycandan sözügedən siyahıya üç mədəni irs abidəsi (İçərişəhər, Qobustan, Şəkinin tarixi mərkəzi) salınmışdı.

Xatırladaq ki, Hirkan meşələri Azərbaycanla qonşu İran tərəfindən birgə nominasiya kimi UNESCO komitəsinə təqdim edilib. “Hirkan meşələri” transsərhəd nominasiyası 2021-ci ildə Dünya İrs Komitəsində baxılmaq üçün qeydə alınıb.

Nominasiya faylı ilə bağlı UNESCO-nun Dünya İrs Komitəsinin saytındakı məlumatda qeyd edildiyi kimi, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massividir və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biridir. Onlar Xəzər dənizi boyu uzanan eyni meşə qövsünə aiddir.

Tarixi milyon illərlə ölçülən unikal meşə massivi Azərbaycan Respublikasında Lənkəran və Astara rayonları ərazisində, İran İslam Respublikasında Gülüstan, Mazandaran, Gilan vilayətlərində, həmçinin Şərqi Azərbaycan əyalətində yerləşir. Məlumata görə, meşə massivinin ümumi sahəsi 31 710 hektar, bufer zonalar ilə birlikdə 117 357 hektar təşkil edir.