Komplekslə turizm şirkətləri arasında əməkdaşlıq müzakirə olunub
Fevralın 7-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə Azərbaycanın daxili turizm bazarında çalışan 16 turizm şirkəti təmsilçiləri və Azərbaycan Turizm İnstitutunun tələbələri üçün «Şahdağ» Qış-Yay Turizm Kompleksinə infotur təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, tədbir zamanı qonaqlar kompleksin xidmətləri ilə tanış olub, təklif olunan xidmətlərdən istifadə ediblər. Kompleksin nümayəndələri iştirakçılara ekskursiya keçirərək ərazinin texniki imkanları barədə məlumat verib. Qeyd olunub ki, kompleks qismən istifadəyə verilib və digər xidmət obyektlərinin inşası davam etdirilməkdədir.
Bir neçə saatlıq tanışlıq proqramından sonra kompleksin konfrans zalında toplantı keçirilib. Toplantıda çıxış edən nazir müavini Nazim Səmədov kompleksin qismən istifadəyə verildiyini, yaranmış turist axınının bir sıra çətinliklər yaratdığını bildirib. Kompleksin direktoru Emin Haşımov mövcud vəziyyəti nəzərə alaraq, turizm şirkətləri ilə əməkdaşlığın səmərəli mexanizmlər çərçivəsində qurulmasının vacibliyini vurğulayıb. Turizm şirkətlərinin təmsilçiləri kompleksin xidmətlərinin təkmilləşdirilməsinə dair təkliflərini bildiriblər.
Toplantıda həmçinin «Şahdağ» kompleksi və turizm şirkətləri arasında əməkdaşlıq mexanizmlərinə dair fikir mübadiləsi aparılıb. Görüşün nəticəsi olaraq belə bir razılıq əldə olunub ki, qismən istifadəyə verilmiş kompleksə səfər üçün akkreditasiya olunmuş şirkətlər tərəfindən yerlərin bronlaşdırılması və «Şahdağ» kompleksinə gətiriləcək turist qrupları barədə məlumat mübadilə sistemi tətbiq olunsun. Eyni zamanda «Şahdağ» kompleksinə gələn turistlərin hamısının sığortalanmasının vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sifarişlərin qəbul olunması üçün fevralın 11-dən Bakı şəhərində «Call Center» məlumat və sifariş mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin əlaqə nömrəsi (012) 3101111-dir.
Fəxriyyə