14-16 sentyabr tarixlərində Qırğızıstanın Çolpan-Ata şəhərində Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş 1-ci Türk Dövlətçilik Tarixi Konqresi keçirilib. Konqres Astana (Qazaxıstan) şəhərində yerləşən Beynəlxalq Türk Akademiyası (BTA), Türkiyənin iki elmi təsisatı – Türk Tarix Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
BTA-dan bildirilib ki, elmi toplantı Avrasiya tarixi və arxeologiyası ilə bağlı geniş spektrli mövzuları əhatə edən monoqrafik tədqiqatların nəşri, tarix və digər fənlər üzrə ekspertlər arasında qarşılıqlı əlaqələrin təmin edilməsi və tematik dövri nəşrlərdə materialların dərc edilməsi məqsədi daşıyıb. Konqresdə antik dövrdən müasir dövrə qədər olan dövrü əhatə edən türk dövlətlərinin tarixi ilə bağlı məsələlər xronoloji olaraq müzakirə edilib.
BTA-nın prezidenti akademik Şahin Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyətinin dilçilik, tarix, arxeologiya, etnoqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə etdiyini bildirib. O, tədbirin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, konqresə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan, Rusiya, Bolqarıstan, Ukrayna və digər ölkələrdən 50-dən çox türkoloq, Asiya, Avropa və Amerikadan tədqiqat mərkəzlərinin ekspertləri, diplomatlar qatılıb.
Tədbirin fəxri qonaqlarına, o cümlədən Azərbaycandan dövlət xadimi, diplomat, tarix elmləri doktoru, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənova təşəkkürnamə təqdim olunub.